Nə “Sumqayıt”, nə də “Səbail” yeni idman direktoruna qovuşmayıb. Əcnəbi mütəxəssislə anlaşacağı deyilən klublar onların yolunu gözləyir.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov son müsahibəsində bu barədə danışmışdı. O,”Sumqayıt”ın əcnəbi mütəxəssislə danışıq apardığını, “Səbail”in dəvət etdiyi idman direktorunun isə artıq ölkəmizdə olduğunu açıqlamışdı.
Amma reallıqda belə deyil. Samir Əliyevin yığma komandaya baş məşqçi getməsindən sonra boş qalan klub akademiyasına rəhbərlik edəcək şəxs hələ gəlməyib. “Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova qarşıdakı günləri gözlədiklərini və təyinat olan kimi bu barədə məlumat verəcəklərini bildirdi.
“Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov da eyni sözü dedi. O, hələlik heç bir təyinat olmadığını, martda bunun mümkünləşə biləcəyini dilə gətirdi.
Xatırladaq ki, “Sumqayıt”da bu post vakantdı. 2016-cı ildə bu postu tutmuş Frenk Bernard gedəndən sonra klubda bu işləri görən kimsə olmayıb.