“Keşlə”də yoxlamalar davam edir. AFFA-nın xüsusi audit qrupu paytaxt klubunun təftişini davam etdirir.
 
Bu xəbəri “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov da təsdiqləyib: “Klubda aparılan yoxlamalar Vergilər Nazirliyi deyil, AFFA-nın daxili auditorları tərəfindən aparılır. Bu da Premyer Liqanın bütün klublarına aiddir. Heç bir problem də aşkarlanmayıb”.
 
“Keşlə”də təftişin həqiqətən AFFA tərəfindən aparıldığını dəqiqləşdirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. O da “Futbolinfo”ya xəbəri təsdiqlədi: “Bəli, AFFA-nın auditi yoxlama aparır. Belə yoxlamalar assosiasiyadan maliyyə ayrılan bütün klublarda mütəmadi keçirilir, indi də “Keşlə”də təftiş aparılır. Belə yoxlama vaxtilə “Kəpəz”də də olub, başqa klublarda da və yenə olacaq”.
 
“Keşlə”dəki yoxlamaların nəticəsi ilə bağlı sualımıza Firuz bəyin cavabı belə oldu: “Mən bilən hələ yoxlama bitməyib. Nəticələrini öyrənib, sizə çatdırmağa çalışacam”.
 
Belə yoxlamalar 2019-cu ildə başqa hansısa klubda olubmu? Ümumiyyətlə, daha hansı klubda audit təftişi aparılıb? Firuz bəy bu suallara cavabı da tezliklə verəcəyini bildirdi. Dəqiqləşdirsin, məsələyə bir daha qayıdacağıq.
Shares: