“Keşlə”də aparılan audit yoxlaması başa çatmayıb. AFFA-nın audit qrupunun 1 həftədi təftiş etdiyi paytaxt klubunda araşdırmanın nə vaxt yekunlaşacağı da bəlli deyil.
 
“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov mətbuata bu cür yoxlamaların bütün klublarda aparıldığı ilə bağlı açıqlama vermişdi. Belə ki, guya AFFA vasitəsi ilə maliyyələşən bütün klublarda mütəmadi olaraq belə yoxlamalar keçirilir.
 
Əslində, normal prosesdi, amma həqiqətənmi bu, hər klub üçün nəzərdə tutulub? Bu il “Keşlə”dən başqa daha hansı klubda belə təftiş aparılıb?
 
Futbolinfo.az saytının bu suallarına AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla cavab verdi: “Yoxlama bir həftədi başlayıb. Araşdırmanın nəticələrini yəqin ki, açıqlamayacağıq. AFFA bunu daxili sirri kimi saxlamağı üstün tutur. Klubun bunda marağı olsa, özləri ictimaiyyətə məlumat verə bilər. Digər klublara gəlincə, başqa yerdə təftiş aparılmır. Ona görə ki, “Keşlə”dən başqa Premyer Liqada yalnız AFFA vasitəsi ilə maliyyələşən, bu qədər böyük maliyyə alan başqa klub yoxdu. Assosiasiyadan maddi dəstək alan divizion klublarında da belə yoxlamalara hələlik gərək duyulmayıb”.
 
Firuz bəyin dediklərindən aydın olur ki, Axundovun açıqlaması iz azdırmaq üçün imiş. Araşdırma yalnız “Keşlə”də aparılır və yəqin ki, bunun səbəbi, vəsaitin düzgün xərclənməməsinə dair siqnallar var. Necə ki, “Kəpəz”də də qəfil audit yoxlaması olmuş və klubun idarəçisi Mikayıl Nərimanoğlunun əməlləri ifşa olunmuşdu. Maliyyə yeyintisi aşkarlandığı üçün o, nəinki klubdan, ümumiyyətlə, futbol təsərrüfatından qovuldu.
 
İndi eyni aqibəti Axundov da yaşaya bilər. Qarşıdan AFFA-nın Növbəti Hesabat Konfransı gəlir. Bəlkə İcraiyyə Komitəsinin üzvünü elə orada çək-çevir etdilər…
 
CAVAD
Shares: