UEFA Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Kuaresma ilə İspaniya “Real”ının kapitanı Serxio Ramosu cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, Türkiyə təmsilçisinin yarımmüdafiəçisi qitə futbol qurumu tərəfindən 3 oyunluq diskvalifikasiya edilib. 35 yaşlı portuqaliyalı futbolçu Avropa Liqasında İsveçin “Malmö” klubuna 0:1 hesabıyla uduzduqları oyunda birbaşa qırmızı vərəqə aldığına görə belə bir cəzaya məruz qalıb.

Madrid “Real”ının təcrübəli müdafiəçisi Ramos isə Çempionlar Liqasında Hollandiyanın “Ayaks” klubuna səfərdə 2:1 hesabıyla qalib gəldikləri oyunda bilərəkdən sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə 2 oyunluq diskvalifikasiya alıb. Bu üzdən 32 yaşlı futbolçu həm “Ayaks”la 1/8 finalın cavab matçını, həm də 1/4 finala çıxacaqları halda həmin mərhələnin ilk oyununu buraxmalı olacaq.

Shares: