“Keşlə” bu tur “Qarabağ”la vacib matça çıxacaq. Fərqli məqsədlər üçün yarışan komandalardan biri turnir cədvəlinin sondan, biri yuxarıdan ikincisidi. Ağdamlılar çempionluq yarışından qopmaq istəmirsə, digəri son pilləyə enməmək üçün xallar qazanmalıdı.
Vacib oyunöncəsi “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovla söhbətləşdik. Qış fasiləsindən sonra pis təsir bağışlmayan bakılıların çalışdırıcısı həm qarşıdakı oyunu, həm də ümumiyyətlə, komandasını dəyərləndirdi.
– Baş məşqçi yox, müstəqil ekspert kimi bu oyuna proqnozunuz…
– Proqnoz verməyi xoşlamıram. Yalnız öz komandam haqda danışa bilərəm və deyim ki, hər oyuna 3 xal üçün çıxırıq. Son 2 oyunda “Keşlə”dəki irəliləyişi hiss etmiş olarsız. Əsas odur ki, komandada ruh yüksəkliyi var. Gözəl oyun olacaq.
– “Keşlə”də ilk xalı bu rəqibdən almışdız. Ən böyük məğlubiyyət də ağdamlılarla oyunda qeydə alınıb. Bu həftə baş tutacaq matç o oyunların hansına bənzəyəcək?
– O oyunlar tarixdə qaldı. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil, imkan daxilində xal qazanmalıyıq. Gözəl oyun sərgiləməli, mübarizə aparmalı, qələbə əldə etməliyik. Mümkünsüz heç nə yoxdu.
– Qış fasiləsindən sonrakı nəticələr göstərir ki, bütün komandalar bir-birindən xal almaq gücündədi. Hətta liderlər belə azı 2 oyunda xal itirib. Bu, sizi həvəsləndirir, yoxsa rəqibin matça daha ciddi yanaşacağını düşünürsüz?
– Rəqib matça daha ciddi münasibət bəsləyəcək. Liderlər arasında xal fərqi yoxdu, amansız mübarizə gedir. “Qarabağ” daha istəkli olacaq. Amma hamının gücünü bilirik, məğlubedilməz yoxdu. Biz özümüzü düşünməli, oyunumuzu təkmilləşdirməliyik.
– “Qarabağ”ı analiz etmisiz?
– “Qəbələ” ilə ötən turun oyunu bitən kimi bu iş başlayıb. Sabah futbolçularla birlikdə ümumi analizimiz olacaq.
– Rəqibdə boşluq tapmısız?
– Hamıda var, amma öncə öz problemlərimizi yoluna qoymalıyıq. Ötən oyunlardakı səhvlərimizi aradan qaldırmaq haqda düşünürük. Futbolçularımız bu matça böyük istəklə çıxmalıdı.
– “Keşlə” çempionluq uğrunda mübarizəyə hansısa formada təsir edə biləcək? “Neftçi” ilə bir, “Qarabağ”la iki oyununuz qalıb.
– Hər komanda bu yarışa təsir edə bilər. Məni düşündürən öz komandamın imkan daxilində yuxarı pillələrə qalxmasıdı. Kiməsə badalaq vurub, digərinə kömək etmək bizlik deyil, öz oyunumuzu oynayıb xallarımızı qazanmağa çalışacağıq.
– Avrokuboka düşməyə hələ də ümidiniz var?
– Bəli. Ümid heç vaxt ölmür. Əziyyətimizin qarşılığı olacaq. Komanda ilk 2 dövrədə çox xal itirmişdi. “Sumqayıt”la son oyunumuz dönüş nöqtəsi idi. Qalib gəldik, ardınca Qəbələdən xalla dönüb, vəziyyətimizi qismən yaxşılaşdırdıq. Komanda bir qədər də ruhlanıb.
– Avrokubok ümidi bir yana, sonuncu pilləni də tuta bilərsiz…
– Pozitiv olaq. Pis şeylər barədə düşünmürəm ki, futbolçularım da inamlı olsun. Hamı yaxşını düşünüb, meydanda ən yaxşıları etməyə çalışmalıdı. Belədə nəticə də gələcək. İnadkaram və futbolçulara da bunu aşılayıram.
– “Keşlə” heyətinə görə neçənci yerə layiqdi?
– Heyətlə hər şey bitmir. Bəzən ulduzlar yığını ilə də nəticə qazanmaq olmur. Əsas kollektivin birliyidi. Hər komandanın özəlliyi, ruhu var. “Keşlə” 3-4-cü yerlər uğrunda mübarizə apara biləcək komandadı.
– “Keşlə”nin ruhunu özündə təcəssüm etdirən futbolçunuz kimdi? Kamran Ağayev?
– Kamran komandanın lideri, kapitanıdı. Millinin də əsas oyunçularındandı.
– “Keşlə”nin baş məşqçisi Nikola Yurçeviç olsaydı, komanda son pillədən qurtula bilərdi?
– O suala Yurçeviç cavab verər.
– Tərlan Əhmədov yığmanın baş məşqçisi olsaydı, daha yaxşı nəticəyə ümid etmək olardı?
– Nəvaxtsa bu suala cavab verərəm. Amma indi o haqda fikirləşmirəm.
– “Neftçi”ylə “Qarabağ”dan hansı çempionluğa daha şanslıdı?
– Şanslar bərabərdi. Komandaların hər ikisi son turda xal itirib, amma məğlub olduğundan bakılıların psixoloji gərginlik yaşaması mümkündü.
– “Neftçi”də işləmisiz, bu səbəbdən o komandada məğlubiyyətdən sonrakı ab-havanı bilərsiz.
– Bu barədə danışmaq istəmərəm. Amma mən orada heç qələbə qazananda da sevinə bilmirdim.
– “Keşlə”də hər şey qaydasındadı?
– Narahatçılığa əsas verən səbəb görməmişəm.
– Klubunuzun rəhbəri Zaur Axundovu niyə komandadan uzaq salmısız? Siz gələni paltardəyişmə otağına girmir.
– Gəlir, futbolçulara dəstək verir, ruhlandırır. Qəbələdə, “Sumqayıt”la ev oyununda futbolçulara dəstək oldu.
– Bəlkə sizin vaxtınızda məğlubiyyət sayı çox olmadığından daha sakitdi?
– Heç kim komandasının uduzmasını istəməz.
– AZAL-da maliyyə problemi olan dövrdə işlədiz, “Neftçi”də başqa çətinliklər oldu.İndi də “Keşlə”də hər şey qaydasında deyil.
– Bu sualı özümə də verirəm. AZAL-da ilk il yaxşı idi, 2015-in martından 3 ay maaş ala bilmədik, vəziyyət çətinləşdi. 11 ayın mükafatını ala bilmədik.
– O vaxt əksər futbolçularınıza maddi yardım edirdiz, hamısına borc verirdiz. O pulları geri ala bildiz?
– Bəzilərinə xəbər göndərdim, dedilər ki, AZAL nə vaxt borclarını verər, biz də o zaman qaytararıq.
– “Keşlə”də eyni səhvi etmirsiz?
– Yox. Çünki maaşlar, mükafatlar hamısı ödənir. Klubun bu gün heç kimə borcu yoxdu.
– Komandada ən çox ümid etdiyiniz futbolçular var?
– Belələri çoxdu. Amil Yunanov, Nikola Mitroviç, Denis Silva, Tərlan Quliyev, Slavik Alxasov və başqaları. Onlar çox istəkli oynayır və bu komandanın çıxışına müsbət təsir edir.
– Heyəti qurarkən limit mane olur?
– Hər məşqçiyə mane olur.
– Azərbaycanlı Samir Məsimovu Rusiya vətəndaşı kimi oynatmaq çətinlik yaradır?
– Hərdən çaşıram da.
– “Keşlə”də qalası olsaz, bu heyət çoxmu dəyişəcək?
– Yeni nəfəs lazımdı. Ad çəkə bilmərəm, amma hardasa 50 faiz. Akademiyamızda 6-7 nəfər perspektivli uşaq var, bu gün də bizimlə məşq edirlər. Tərlan sabah komandada olmasa da, o uşaqlara güvənilsə, ümidi doğruldacaqlar. Cavid Əliyev, Orxan Fərəcov, Nurlan Quliyev, Qədir Bayramov, Pərviz Əliyev kimi 17-19 yaşlı uşaqlar var, çox istedadlıdılar.
– Qışda yola saldığınız yerli oyunçulardan heç biri hansısa Premyer Liqa klubuna getmədi. Ya diviziona, ya da Region Liqasına yollandılar. Heyətdə yenə elə futbolçu qalıb?
– Deməli, düz etmişik. İndi heyətdə olanların hamısı lazımlılardı.
FƏRİD