Yığmamızın baş məşqçisi Nikola Yurçeviçin köməkçisi təyin olunan Arif Əsədov fikirlərini bölüşüb. O, təyinatı ilə bağlı sport7.az-a açıqlamasında bunları söyləyib: "AFFA tərəfindən 1 həftə əvvəl təklif gəldi. Mən də müsbət qarşıladım. Baş məşqçi ilə görüş isə dünən baş tutdu. Yurçeviçlə yığmamızla bağlı fikir mübadiləsi apardıq. Namizədlərlə bağlı danışdıq. Ancaq indi konkret nəsə demək olmur. Qarşıda iki tur var. İş qarfiki odu ki, oyunlardan hansılarısa izləyəcəyəm. Hansı oyuna mənim gedəcəyimi o müəyyənləşdirəcək. Son siyahını hazırlayacağıq və təlim-məşq toplanışı təşkil olunacaq. Toplanışın vaxtı baş məşqçi və ya AFFA tərəfindən rəsmi şəkildə açıqlanacaq. Yəqin ki, toplanış Azərbaycanda olacaq".
Növbəti oyuna az qalıb. Bəs komandanı hazırlamaq çətin olmayacaq? "Bu haqda baş məşqçi daha dolğun informasiya verə bilər. Onun öz planları var. Nə lazımdısa, biz də fikirlərimizi bildirəcəyik. Planlarla bağlı Yurçeviç cavab verə bilər".
Maraqlıdı Əsədovun vəzifələri necə olacaq? "Yerli köməkçi kimi çalışacam. Özü ilə də köməkçi gətirib. Daha bir məşqçi də gəlməlidi. Seleksiya işlərinə baxmayacam. Sırf yerli mütəxəssis kimi Yurçeviçə məşqlərdə, oyunlarda kömək edəcəm. Komandadakı dəyişikliklərə gəlincə, əvvəl kənardan mütəxəssis kimi fikir bildirirdim. Amma indi baş məşqçi var. Ümumi müzakirələr olacaq və dəyişikliklər haqda o məlumat verəcək. Oyuna qədər hələ 2 tur var deyə, indidən nəyisə demək çətindi".