Martın 4-də baş tutacaq AFFA-nın Növbəti Hesabat Konfransında ciddi olay gözlənilmir. Hansısa seçki, islahat, dəyişiklik yaya qalacaq.
 
Son günlər mümkün prezident dəyişikliyi, baş katib Elxan Məmmədovun bu posta yüksəlmək ehtimalı haqda söhbətlər gəzir. Bəlkə də bu, olacaq, amma qarşıdakı konfransda yox.
 
Hələlik Konfransın gündəliyi açıqlanmayıb. Amma Nizamnamədə nəzərdə tutulan standart gündəlik var və kənaraçıxma olmayacaq. Bütün mümkün islahatlar iyuna saxlanılır. Çempionatda mövsümə yekun vurulduqdan və milli komandanın qarşıdakı seçmə mərhələdə ilk oyunlarının ardınca, perspektiv haqda ilkin rəy formalaşandan sonra müəyyən addımların atılması mümkündü. Dəyişiklik üçün Avropa Liqasının Bakı finalı da tarixin yaddaşına köçməlidi.
 
Amma baş katib Elxan Məmmədovun ən geci yayda hansısa addım atacağı dəqiqdi. Planlarını bilmirik, yeni postda hazırlaşdığı isə hərəkətlərindən bəllidi. “Təkbətək” verilişinə, canlı efirə təsadüfən çıxmadığını bilirik. Seçdiyi qalstukun rənginin Respublika stadionunun və BOS-un oturacaqları rəngində olmasının hansı anlam daşıdığını çox az adam bilir. Həmin veriliş artıq “vəsait” kimi SV-nə əlavə olunub və təqdimata hazırlanır. Baxmayaraq ki, verilişdə ona ünvanlanan 200-dən çox sualdan 0,5 faizi də müsbət yüklü deyildi, hamısı ancaq katibin günahkar olmasını isbatlayırdı.
 
Məmmədov ya ölkə futbolunda de-fakto birinci olmasını de-yureyə çevirəcək, ya da başqa hansısa vəzifəyə yollanacaq. Düzdü, hər şeyin Avro-2020-dən sonraya saxlanması da mümkündü, lakin bu, kiçik ehtimaldı. Çünki ölkə futbolu uçurumun kənarındadı və islahatları yubatmaq olmaz.
 
Avropa Liqasının finalına kimi dövlət səviyyəsində futbolla bağlı mühüm qərarlar da gözlənilir. Futbolun inkişafına dair yeni dövlət proqramının imzalanması mümkündü. Ola bilsin, konfransda bununla bağlı siqnallar eşitdik.
Shares: