Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Sepahan” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda “Zobahan”la səfər matçından xal itkisi ilə ayrılıb – 0:0.
Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 37 xalla 5-ci pillədə qərarlaşıb. “Maşinsazi” isə 22 xalla 8-cidi.
Yeri gəlmişkən qeyd edək ki, “Traktorsazi”nin stadionu “Sepahan”la oyunda da İrandakı türk millətçilərinin rejimə etiraz meydanına çevrilib. Adətən hər oyunda Azərbaycan və Türkiyə ilə bağlı şüarlar səsləndirən cənublu soydaşlarımız bu görüşə xüsusi hazırlaşıblar. Məsələ burasındadı ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağ Ermənistanındı” şüarının səslənməsi İranda yaşayan azərbaycanlılar arasında böyük narazılığa səbəb olub. Ən böyük narazılıqlar da qədim Təbriz şəhərində yaşanıb. İlk hədəf Təbriz ermənilərinin “Ararat” klubunun ofisi olub. Ötən gün səhər Təbriz sakinləri ofisin divarlarında “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdı” şüarının yazıldığının şahidi olublar. Şüar fars əlifbasında deyil, latın qrafikalı Azərbaycan əlifbasında yazılıb. İran tərəfi Ermənistan əleyhinə etirazları önləmək üçün Təbriz müsəllası önündə ölkənin ali dini lideri Seyid Əli Xamneyinin “Qarabağ İslam torpağıdı” şüarı asılıb. Hətta narazılıqların böyüməməsi üçün Təbrizdə fəaliyyət göstərən və hakim rejimə yaxınlığı ilə tanınan saytlarda bu şüarın fotosu dərhal tirajlanıb.
Amma bütün bunlar cənubi azərbaycanlıların “Traktorsazi”nin oyununda sözügedən məsələ ilə bağlı müxtəlif şüarlar səsləndirməsinə, öz etirazlarını dilə gətirməsinə mane olmayıb. Belə ki, oyundan əvvəl və matç zamanı Təbriz stadionunda “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirilib. Etirazçılar əllərindən Azərbaycan bayrağını dalğalandırmaqdan da çəkinməyiblər. Bəzi fanatlar isə hətta Xocalı soyqırımı ilə bağlı plakatlar nümayiş etdiriblər.