“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

– Yaxşı hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq. Hamı dərk edirdi ki, qələbəyə necə ehtiyacımız var. İlk dəqiqədən yaxşı oyun sərgilədik. Komanda olaraq qələbəyə layiq idik. Uzun müddət oynamayan futbolçular bu gün özlərini yaxşı tərəfdən göstərə bildilər.

– Ruslan Abışovun durumu nə yerdədi?
– Ruslan ciddi zədədən qayıdıb. Sevinirəm ki, artıq komandayla birgə məşqlərə başlayıb. Amma bu gün tam hazır deyildi. 

– Qırmızı vərəqə epizoduyla bağlı nə deyə bilərsiz?
– Oyundan sonra Məhəmməd Mirzəbəyovla danışdım. Orda simuliyasiya olmadığını dedi. İstəməzdim qırmızı vərəqə olsun.

– Sanki sarı vərəqələr çox idi…
– Deməzdim ki, aqresiv oyun nümayiş etdirdik. Hər iki komandada sarı vərəqə alan futbolçular oldu.

– "Qarabağ"la gərgin çempionluq yarışı gedir. İtirəcəyiniz bir xal, sizi büdrədə bilər. Çempionluq yolu sizin üçün çətin olmayacaqmı?
– Əsas rəqibimiz "Qarabağ"dı. Ancaq onları düşünmürəm. Oyundan-oyuna artırmağı düşünürük. Bu gün 3 xal qazandıq, artıq növbəti oyunu fikirləşirik. Çempionat hələ davam edir. 

– Vangelis Platellasın mərkəzdə daha effektiv olduğunu düşünmürsüz?
– Platellas hücumameyilli oyunçudu. Onu cinahda daha yaxşı görürəm. Üniversal futbolçu olduğu üçün oyun qurucusu kimi də oynaya bilər. Bu gün Namiq Ələsgərova şans vermək istədim. Onun mövqeyi sırf cinah olduğu üçün Platellası mərkəzə çəkdim.

– Platellas topu daha çox özündə saxlayır, hərdən itkilərə də yol verir. Bununla bağlı fikirləriniz nədi?
– 2:0-dan sonra futbolçulara tapşırdım ki, topu özlərində daha çox saxlasın. Bunun da yaxşı alındığını düşünürəm. Platellas meydanı yaxşı görürdü. Tək Platellasa deyil, bütün futbolçulara özlərində daha çox top saxlamağı tapşırmışdım.

– Epizodların birində Marko Deviçlə aranızda dialoq yaşandı. Ona nə dediz?
– Böyük narazılıq olmadı. Platellasın sarı vərəqə aldığı epizodu müzakirə edirdik. (komanda.az)

Shares: