“Biz bu gün yaxşı oyun nümayiş etdirdik. İlk dəqiqələrdən qol axtarışında idik. Qolu da erkən vura bildik. Bundan sonra ikincini də vurduq və daha yaxşı oynamağa başladıq. Demək olar ki, oyunun taleyini həll etdik" – bu sözləri "Neftçi"nin futbolçusu Canluka Sansone Premyer Liqanın 19-cu turunda "Sabah"la oyundan (3:0) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
– Premyer Liqada ilk qoluna imza atdın.
– Təbii ki, qol vurmaq xoş və vacib amildi. Ancaq mən öncə şəxsi və komanda göstəricilərinə baxıram. Bu gün həm şəxsi, həm də komanda göstəriciləri yaxşı idi. Buna görə daha çox sevinirəm, nəinki qol vurduğum üçün.
– “Səbail”ə məğlubiyyətdən sonra komandada nə dəyişdi ki, bir həftə ərzində belə oldu?
– Mən razı deyiləm. Deməzdim ki, bir həftə öncəki oyunla bu gün keçirdiyimiz matçda böyük fərq var. Sadəcə, qol imkanlarımızdan istifadə edə bildik. “Səbail”lə matçda isə bunu bacarmadıq. Bir məğlubiyyətin geriyə addım kimi qələmə verilməsinin tərəfdarı deyiləm.
– Oyuna start heyətdə başlasanız da, sona qədər oynamırsınız. Fiziki cəhətdən çatdıra bilmirsiniz?
– Komanda 11 nəfərdən ibarət deyil. Heyətimiz genişdir. Hər bir oyunçuya şans verilməlidir və hamı buna layiqdir. Dəyişikliklər isə baş məşqçiyə aiddir.
– Son 9 turda neçə qol vurmaq istəyirsiniz?
– Mən istəyirəm ki, biz qalib olaq.