Bu gün UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa həsr olunan növbəti tədbir keçirilib.

Futbolinfo.az xəbər verir ki, paytaxtın mərkəzində “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma baş tutub. Görüşü Azərbaycan Prezidenti İlham Əliyev də izləyib. 

Belə ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında quraşdırılan meydançada ölkəmizin qonağı olan dünya futbolunun ulduzları, həmçinin bu görüşdə onlara qoşulan təmsilçilərimiz bacarıqlarını nümayiş etdiriblər.

Komandalar 5 əsas heyət oyunçusundan və ehtiyat futbolçulardan ibarət olublar. 

Xarici ulduzlardan Yeji Dudek, Deku, Maykl Esyen, Həmit Altıntop “Qərb Ulduzları”, Revaz Arveladze, Nihat Kahveci, Aleksandr Arşavin isə “Şərq Ulduzları” komandasında yer alıblar. Matça dəvət alan Azərbaycan futbolunun müstəqillik illərindəki ən parlaq nümayəndələrindən Vəli Qasımovla Nazim Süleymanov da “şərqlilər”ə qoşulub. Region Liqasından seçilən futbolçu – ötən mövsümün ən yaxşı qapıçısı Şöhrət Rəhimov, həmçinin “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da sonuncularla eyni düşərgədə qərarlaşıblar. Onları meydana baş məşqçi kimi Ağasəlim Mircavadov çıxarıb.

Müsabiqə yolu ilə qarşılaşmada iştirak hüququ qazanan iki nəfər isə U-21 yığmamızın çalışdırıcısı Milan Obradoviçin formal baş məşqçisi olduğu “qərblilər”in heyətində yer alıblar. Bunlar “Selfie” müsabiqəsinin qalibi Zaman Zahirzadə və “Futbol bacarıqları”nda fərqlənən Məhəmməd Tarverdiyevdir.

Azarkeşlərin böyük marağına səbəb olan oyun 11:9 hesabı ilə başa çatıb. İlk hissədə "qərblilər" 7:6 hesablı qələbə qazansalar da, ikinci yarıda "şərqlilər" üstünlüyü əla alıb və görüşdən qələbə ilə ayrılıblar. 
Tədbir zamanı paytaxt sakinləri arasında müxtəlif müsabiqələr, yarışmalar keçirilib və azarkeşlər futbol şousu həyəcanı yaşayıblar.

Qeyd edək ki, Eydur Qudyonsenin matçda iştirakı gözlənilsə də, o gəlməyib. Əvəzində son anda Altıntop “Qərb ulduzları”na qoşulub.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

“Qərb ulduzları” – “Şərq ulduzları” – 9:11
Hamit Altıntop (1:0, 4:4, 5:5) Esyen (2:0, 3:2, 6:5, 7:5), Qasımov (2:1, 3:4, 8:9), Kahveci (2:2, 3:3, 8:8), Arşavin (4:5, 7:6), Nazim Süleymanov (7:7, 8:10, 8:11), Zaman Tahirzadə (8:7), Deku (9:11)

Shares: