“Dünənki şou matçı çox əyləncəli keçdi. Təəccübləndim ki, bizə tamaşa etmək üçün bu qədər adam gəlib”.
Futbolinfo.az xəbər verir ki, bunu “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən məşhur veteran futbolçu Yeji Dudek deyib. O, həmin görüşdə "Liverpul" və "Çelsi"nin bir neçə azarkeşini gördüyünü bildirib. "Liverpul"la Çempionlar Liqasının qalibi olan polşalı qapıçı bunun çox xoşuna gəldiyini söyləyib:
"Həqiqətən çox maraqlı oldu və mən bu kampaniyanın bir hissəsi olmaqdan çox məmnunam. Düşünürəm ki, Avropa Liqasının finalının təşkili hər bir ölkə üçün olduqca mühüm hadisədir və Azərbaycan adına da bunu nailiyyət kimi qəbul etmək olar. Həm "Çelsi"nin, həm də digər ingilis klublarının finalda iştirak etmək üçün çox yaxşı şansları var".
Dudek sabiq komandası "Liverpul"un cari mövsümdəki çempionluq şansından da söz açıb: "Komanda uzun müddət sonra çempionluq üçün yaxşı imkan əldə edib. Doğrudur, dünən xal itirdi, amma düşünürəm ki, qarşıda bu itkini sığortalamaq üçün hələ çox oyun var. Mövsümün əsas hissəsi hələ indi başlayır. Bu komandaya çox böyük inamım var".