“Bugünkü iclasda bəzi qərarlar qəbul olundu. Müzakirə məsələlərindən biri azarkeşlərin böyük maraq göstərdikləri bölgələrdən biri ilə bağlı idi. Qərar qəbul olundu ki, Tovuzda futbol akademiyası yaradılsın. Bununla bağlı müvafiq tapşırıq verildi. Artıq bu məsələni Tovuz rayon icra hakimiyyəti ilə müzakirə etmişik. Noyabradək layihə hazır olacaq. FIFA və UEFA-nın da maliyyə dəstəyi ilə bu işin icrasına yaxın zamanlarda başlayacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun XXVI növbəti Konfransından sonra mətbuat deyib:

"Tovuz Futbol Akademiyasında təhsil alan uşaqlar "Turan Tovuz" klubuna məxsus olacaqlar. Onlar bazada qalaraq, təhsil alacaqlar. Klubun həmin futbolçuları başqa komandalara da satmaq imkanı olacaq". 

Qurum rəsmisi bildirib ki, bütün klubların AFFA-nın uşaq futbolu üçün ayırdığı vəsaiti hara xərclədikləri maraqlıdır: "Biz bu vəsaiti klublara köçürdük. Amma qış fasiləsində əcnəbi futbolçuların alınmasından danışıldı. Mən gözləyirəm ki, mövsümün sonunda klublar vəsaiti hara xərclədiklərini açıqlayacaqlar. Bu, FIFA-nın tələbinə əsasən açıqlanmalıdır. Bu, 500 min avronun məhz bu mövsüm xərclənməli olduğu anlamına gəlməməlidir. Xərclər iki ili də əhatə edə bilər. Amma hesabatlar təqdim olunmasa və vəsaitin uşaq-yeniyetmələrin inkişafına sərf olunduğu açıqlanmasa, növbəti mövsüm həmin vəsait ödənilməyəcək".

Baş katib bildirib ki, növbəti mövsüm əvəzedici komandalar AFFA-dan ildə 50 min manat maliyyə vəsaiti alacaqlar. İmtina edənlər isə 100 min manat cərimə ödəyəcəklər. Bundan başqa AFFA Lisenziyalaşdırma Komitəsinin tərkibində dəyişiklik edilib. Adlar və soyadlar AFFA-nın rəsmi saytında yazılacaq. Oyunçuların Statusu və Transferi Komitəsinin tərkibinə yeni üzvlər daxil ediləcək. 

Baş katibin sözlərinə görə, iclasda Qadınlardan ibarət yığmalara baş məşqçi təyinatları təsdiqlənib. VAR sistemi ilə bağlı səmərəli müzakirələr aparılıb. İcraiyyə Komitəsi Hakimlər Komitəsi və baş katibə bununla bağlı araşdırma aparılması və hazırlıq üçün işlərə başlanılması tapşırığını verib: "Araşdırma və təhlillər bu mövsümün sonunadək aparılacaq".  

Shares: