“Tovuzda futbol akademiyası və VAR sistemi ilə maraqlanıldı. Bir az pozitiv fikirlər oldu. Bəzi xırda məsələlər də müzakirə olundu”.

Futbolinfo.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov jurnalistlərə açıqlamasında qurumun növbəti Hesabat Konfransında söyləyib.

"Qarabağ"ın baş məşqçisi iclasda İcraiyyə Komitəsindən çıxması ilə bağlı hər hansı bir müzakirənin olmadığını və bu təşkilatda qaldığını vurğulayıb: "Əsas maraqlı olanlar və müzakirə olunanlar həmin iki mövzu idi". 

47 yaşlı mütəxəssis Azərbaycan millisinin hazırkı baş məşqçisi Nikola Yurçeviçlə söhbət etdiyini deyib: "Qısa olaraq, bəzi futbolçulardan danışdıq. Bir də "Qarabağ" klubuna gəlmək istədiyini söylədi. 3-cü və ya 4-cü gün imkan olsa, futbolçularla görüşəcək. Mən də heç bir problemin olmadığını bildirdim. Mənim tərəfimdən nə lazım olsa həmişə hazıram".

Qurbanov yığmanın indiki baş məşqçisinin sabiq baş məşqçidən məsləhət almasının normal olduğunu vurğulayıb: "Bizim komandaya olan simpatiyasını göstərdi, həm də çox açıq söhbətimiz oldu. Düşünürəm ki, burada qeyri-adi bir şey yoxdur. Hər bir halda bizim borcumuzdu ki, ən azından milli komandaya və futbolumuza köməklik edək".

Shares: