“AFFA İcraiyyə Komitəsinin hər bir iclasında klubların sayı müzakirə olunur. Biz də istəyirik ki, minimum 10 komanda olsun. Amma hər şey bizdən asılı deyil. Birinci Divizion klubları və Premyer Liqa təmsilçilərindən bəziləri AFFA ilə SOCAR vasitəsilə maliyyələşir. Lisenziyalaşdırma prosesinin gedişini izləyəcək və mövsümün sonunda neçəsinin hazır olduğuna baxacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib "Kəpəz" klubundakı vəziyyət barədə də danışıb: "O klubda maliyyə problemi yoxdu. Təsdiqlənən büdcə ilə davam edirik. Yeni rəhbər təyin etdik ki, ödənişlər vaxtında təmin olunsun. İcra hakimiyyəti nümayəndələri ilə danışmışıq. Növbəti mövsümdən Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi nəzərdə tutulub. 

Elxan Məmmədovun sözlərinə görə, apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq. O bildirib ki, iclasda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Baş katib Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb: 

"Klublar gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq".

Məmmədov qurumun növbəti Hesabat Konfransında Türkiyəyə böyük hesabla uduzan U-19 futzal yığmasının çıxışından da danışıb. Baş katib bunun ilk oyun olduğunu və müsbət nəticə gözləməyin düzgün olnadığını deyib: 

"Millinin formalaşdırılması bir neçə il gecikdi. UEFA-dan da tələb olmadığından, bütün gücümüzü əsas komandaya vermişdik. Bundan sonra U-19-a da diqqətlə yanaşacağıq. Etiraf edim ki, bir neçə il gecikdik. Əsas komandanın baş məşqçisi Joze Alesio ilə bu barədə danışmışıq".

Shares: