“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovu heç belə görməmişdik. Sanki ümidləri çilik-çilik olub, xəyalları suya düşüb, yıpranıb.
 
AFFA-nın Növbəti Konfransında o qədər sakit, o qədər məsum görünürdü ki… Yerini o qədər dəqiq göstəriblər ki, hətta nitq söyləyənlərə əl çalmağa da taqəti qalmamışdı. Klubda aparılan yoxlamalar çox sıxıb onu. Assosiasiya rəhbərləri hər dəfə şəffaflıqdan danışanda dalağı cancırdı, növbəti cümlədə adının çəkiləcəyindən ehtiyat edir, rəng verib, rəng alırdı.
 
Axundov baş katib Elxan Məmmədova çox yaxınlaşmışdı, onunla birgə nəfəs alır, eyni hədəfə vururdu. Və yalnız onun dediyi ilə oturub-durur, istifadə edilirdi. Elə bilirdi ki, Məmmədov onu irəli çəkəcək, sirr dostu olacaq. Amma vaxt yetişdi, fərqini gördü. Elxan bəy onu ən çətin məqamında yaxalayıb, “Keşlə”yə maliyyə yoxlaması üçün audit göndərdi, AFFA-nın ayırdığı pulların hesabatını soruşdu. Çünki Zaur bəyin hesabat verə bilməyəcəyinə əmin idi.
 
Və dünən Elxan bəy nitqində tez-tez Axundovu nəzərdə tutaraq ifadələr işlədirdi. Klublarda şəffaflıqdan danışarkən, sözünün bir ucu “Keşlə”yə gedib çıxırdı. UEFA-dan uşaq futbolunun inkişafı üçün ayrılan pulların hara xərcləndiyinin araşdırılmasının lazım gəldiyini deyərkən də, klubların bunun qarşılığında qışda legioner transferi etdiklərini söyləyərkən də nəzərdə tutduqlarından biri Axundov idi.
 
“Bəlkə də futzala elə ciddi yanaşmamışıq və bir neçə il gecikmişik” – sizcə Məmmədovun çıxışındakı bu etiraf-iradın səbəbkarı kimdi? Təbii ki, Futzal Federasiyasının prezidenti Axundov. Baş katib aşkar şəkildə bu sahədə işlərin düzgün qurulmamasına işarə edir.
 
Zaur bəy təklənib və indi ona kömək edən də yoxdu. Dostlarına, himayədarlarına baş katibə görə arxa çevirdi və indi onlar Axundovu tək qoyub, müdafiə etmirlər. Buna görə Zaur bəyin səsi gəlmir, müsahibə vermir, kənar gəzir. Nə “Keşlə”dən danışa bilir, nə futzaldan.
 
Sizi belə görmək istəmirik, Zaur bəy. Çilik-şilik olmuş xəyallarınızın dalınca gedə bilmirsiz. Bunu hamını, hətta mətbuatı da qarşınıza alanda fikirləşməli idiz. Təmiz işləməmisiz, mübhəm sirrlərinizi baş katibə vermisiz, dostları unutmusuz və indi hər gün daha da çökürsüz. Tezliklə “Sumqayıt”a qurban verilərək son pilləyə düşəcək komandanızı da götürüb, diviziona gedəcəksiz və orada heç kim sizə indiki büdcəni ayırmayacaq.
 
Tələs, Zaur, tələs…
 
CAVAD
Shares: