"Azərbaycan sürətlə böyüyən və böyük inkişafa nail olan ölkədi" – bunu İtaliyanın "Napoli" klubunun baş məşqçisi Karlo Ançelotti Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə danışarkən deyib.
60 yaşlı mütəxəssis indiyədək özünün yox, köməkçisinin Azərbaycanda olduğunu diqqətə çatdırıb: "1995-ci ildə biz Polşanın "Vidzev" komandası ilə Çempionlar Liqasının oyununda üz-üzə gələcəkdik. Əməkdaşımızı göndərdik ki, gedib potensial rəqibimizin oyununa baxsın".
Əslində, məşhur baş məşqçinin bəhs etdiyi matç 1997-ci il iyulun 23-də keçirilib. "Vidzev"lə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk görüşündə qarşılaşan komanda isə "Neftçi" olub. Azərbaycan təmsilçisi Bakıda 0:2, bundan bir həftə sonra isə Lodz şəhərində 0:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Növbəti mərhələdə "Vidzev" həmin vaxt Ançelottinin rəhbərlik etdiyi "Parma" ilə qarşılaşıb. İtaliya komandası evdə 4:0, səfərdə 3:1 hesabı ilə qalib gələrək, ÇL-in III təsnifat mərhələsinə adlayıb.
"Napoli" hazırda mübarizəni Avropa Liqasında davam etdirir. Neapol klubu 1/8 finalda Avstriya "Zaltsburq"u ilə ilk görüşünü martın 7-də ev, cavab matçını martın 14-də səfərdə keçirəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlayacaq.