"Çelsi" mayda xeyriyyə matçı keçirəcək.
Futbolinfo.az xəbər verir ki, "zadəganlar" bu məqsədlə ABŞ-a yollanacaq.
Həmin oyun mayın 15-nə planlaşdırılıb. Bu isə London təmsilçisi üçün mövsümün son görüşü ola bilər. Çünki komanda mayın 12-də "Lester"lə səfər matçı ilə Premyer Liqada mövsümə yekun vuracaq. Daxili kubok yarışlarında mübarizəni dayandıran Mauritsio Sarrinin yetirmələri yalnız Avropa Liqasının finalına ümid edə bilər.
Bakı Olimpiya Stadionunda baş tutacaq həlledici görüşdə iştirakı qarşısına hədəf qoyan "Çelsi" bunu bacara bilsə, xeyriyyə matçından sonra bir neçə gün ABŞ-da qalmağı və ordan birbaşa Azərbaycana gəlməyi planlaşdırır. Avroliqada yarımfinal mərhələsinin oyunları mayın 2-də və 9-da olacağından, Premyer Liqa təmsilçisinin ölkəmizə gəlib-gəlməyəcəyi xeyriyyə oyunundan öncə bəlli olacaq.
Qeyd edək ki, "Çelsi" Avropa Liqasının 1/8 final mərhələsində Kiyev "Dinamo"su ilə qarşılaşacaq. Ukraynalılarla oyunlar martın 7-də və 14-də keçiriləcək.