“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları deyib:
– Maraqlı, əzmkar oyun izlədik. Bu gün futbolçularımdan razı qaldım. Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Çalışdıq əks-hücumda rəqibə təsir göstərək. Məğlub olmuşuqsa, çox danışmağa dəyməz. Əvvəl də demişdim ki, gərgin oyun keçəcək. Belə də oldu.
– Penalti epizodu haqqında nə deyə bilərsiz?
– Futbolçularıma demişdim ki, rəqibin əks-hücumları təhlükəli olur. Rəqiblə bağlı başqa narahatlığım yox idi. Penalti epizoduna bir daha baxmaq lazımdı.
– Hakimlərə bağlı narazılığınız vardı sanki…
– Hər zaman demişəm ki, bizim hakimlər oyunu tez-tez saxlayır. Belə matçlarda oyunu tez-tez saxlamaq futbolçulara təsir edir.
– Kamran Ağayevin vəziyyəti nə yerdədi?
– Kamranın əlində çat var, artıq əli gipsə qoyulub. Ola bilər ki, uzun müddət bizimlə olmasın. (komanda.az)