“Qəbələ” 3-cü pilləni tutmamaq üçün hər şey edir. Sənan Qurbanovun yetirmələri növbəti dəfə “Səbail”in uzaqlaşmasına şərait yaratdı. Halbuki bu gün qazanılacaq qələbə “qırmızı-qaralar”ın işinə çox yarayacaqdı.
Ümumiyyətlə, “Sabah”la matç nəinki turun ən pis oyunu, bəlkə də mövsümün ən bərbad qarşılaşması idi. Ola bilsin ki, ustalıq səviyyəsi aşağıdı, amma istək, əzmkarlıq da ən alt səviyyədə idi. Futbolçular 90 dəqiqəni yola verir, məşqçilər oyuna müdaxilə edə bilmirdi. Startdan final fitinədək monoton oyun, standart əvəzləmələr – komandalar bu şəkildə daha iki 90 dəqiqə oynasa, hesab açılmazdı.
Komandaların bərbad oyunu fonunda bəzi oyunçuların fədakarlığı diqqət çəkirdi. Meydan sahiblərindən Bəhlul Mustafazadə, qonaqlardan Coşqun Diniyevi fərqləndirə bilərik. Məhz belə seçilmənin nəticəsidi ki, Coşqun az qala matçın nəticəsini dəyişən adam olacaqdı. Diniyevin təkbaşına reyddən sonra kobudluqla dayandırılmasını baş hakim görsəydi, “Sabah” 2019-da ilk qələbəsini qazana bilərdi. Amma FIFA referisi Rauf Cabbarov böyük hakim ola bilməyəcəyini növbəti dəfə göstərdi. O, gözü qabağında baş verən epizodu simulyasiya kimi dəyərləndirdi. Halbuki Asif Məmmədov rəqibini aşkar şəkildə kobudluqla dayandırmışdı.
“Sabah” apellyasiya şikayəti versə, bu vərəqəni ləğv etdirə bilər. Amma AFFA-nın şikayətsiz də Cabbarovu cəzalandırması lazımdı. Çünki onun yanlış qərarı matçın nəticəsinə təsir etdi. Yox, debütantın diviziona düşməsində elə bu qurumda maraqlı olan insanlar varsa, o başqa məsələ.
Elşad Əhmədov fasilə dövründə komandanı qismən toparlaya bilib. Lakin mövsümün ilk yarısındakı, parlaq oynayan “Sabah”ı hələlik görə bilmirik. Klubdaxili ab-havanın tam düzəlmədiyi hiss olunur. Bununla belə, komandanın böhranı geridə qoyduğunu demək olar. İndi yalnız futbolçuların həddindən artıq qırmızı vərəqə alması narahatlıq doğurur. 2019-da baş tutan 8 oyunun 5-də matçı azlıqda başa vurmaq xoş mənzərə deyil.
“Qəbələ”nin dərdi başqadı. İddialılara qarşı əla oynayan əyalət klubu zəiflərlə matçlarda özünə bənzəmir. Sanki komandanı baş məşqçi Sənan Qurbanov yox, elə rəqiblərin səviyyəsi motivasiya edir. Halbuki əla heyəti olan komandanın nəticələri daha yaxşı olmalıydı. Son 5 matçda 4 heç-heçə qeydə alınıb və itirilən bu 8 xal indi 3-cü pillədə möhkəmlənmək üçün kifayət edərdi.
Hakim səhvi öz yerində, sərgilənən oyuna görə heç-heçə matçın ən ədalətli nəticəsi idi. Çempionatın səviyyəsi aşağıdı, amma heyət potensialına görə bu komandalar daha yaxşı oynamağa qadirdi. Niyə mümkün olmadı – qoy, bunu özləri fikirləşsin. Belə davam edəcəyi təqdirdə hədəflərə çatmaq çətin olacaq. İndi mövsümün ən vacib dövrüdü, hər xal itkisi “Qəbələ”ni avrokuboklardan, “Sabah”ı Premyer Liqadan uzaqlaşdırır.
AĞA