“Keşlə” son pillədən qurtulacaq. Digər autsayderlərin necə oynamasının fərqi yoxdu, istənilən halda, paytaxt təmsilçisi önə çıxarılacaq.
 
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik üçün Bakının mərkəzində ev kirayələnib. Avstriyalının mənzil xərclərinə assosiasiya tərəfindən aylıq 8 min manat ödənilir.
 
İlk baxışdan burada qəribə heç nə yoxdu. Amma iş ondadı ki, sözügedən mənzilin sahibi “Keşlə”nin Müşahidə Şurasının sədi Zaur Axundovdu! Hakimlər Komitəsinin üzvlərindən biri olan Elçin Məmmədovun Axundovun prezidenti olduğu Futzal Federasiyasında da işlədiyini, eyni zamanda Stuxlikin bu sahə üzrə köməkçisi olduğunu nəzərə alsaq, vasitəçinin, məsləhətçinin kim olduğu aydınlaşır.
 
Axundov kirayəçisindən ilk yardımı “Keşlə” – “Sumqayıt” oyununda almışdı. Bəlkə də avstriyalının xəbəri yox idi, lakin vasitəçilər işi düzüb-qoşmuşdu. Xatırlayırsızsa, son dəqiqədə qonaqların qapısına qondarma penalti təyin olunmuş və Tərlan Əhmədovun yetirmələri 2:1 hesabıyla qalib gəlmişdi. Həmin matçın fasiləsində baş hakim Rauf Cabbarovun zədəli bəhanəsiylə dəyişdirilməsi, təcrübəsiz 4-cü hakim Rauf Allahverdiyevin meydana buraxılması da şübhəli idi.
 
Son turun “Sumqayıt” – “Keşlə” matçında da qonaqlar hakim köməyi hiss etdilər. “Sumqayıt”ın təmiz qolu ofsayd səbəbi ilə sayılmadı, qonaqların qapısına yüzfaizli penalti təyin edilmədi. Sadəcə, meydan sahibləri qələbə qolunu (2:1) elə vaxtda (85-ci dəqiqə) vurdular ki, vəziyyəti düzəltmək üçün zaman qalmadı. Oyunun baş hakimi Orxan Məmmədov heç-heçə sifarişi alıbmış. Planda “Zirə” və ya “Sabah”dan birini son pilləyə salmaq olduğundan, AFFA-dan maliyyələşən klubların heç birinin uduzmaması lazım idi. “Keşlə” öz işini buna uyğun qurubmuş. “Sumqayıt”ın təsadüfi qolu ilə planlar pozulub, vəziyyəti dəyişmək olmayıb.
 
Axundovun əsəbləşməsinin, Tərlan Əhmədovun istefa fikrinə düşməsinin də səbəbi bu imiş. Hakimlərin yardım etdiyi matçda xal qazanılmaması daxili ab-havanı pozub. Sonradan Zaur bəy klubdaxili iclas keçirərək, növbəti turlarda işləri qaydasına salmaq üçün tədbir görüb. Futbolçu və məşqçilərə tapşırıq verilib, özü də lazım olanı edəcək. Qarşıdakı turlarda görəcəksiz…
 
20180529060349 66005 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp