"Qəbələ" ən azı mövsümün sonuna kimi sabit çıxışını davam etdirəcək. Dünən klubun prezidenti Tale Heydərovun tutduğu vəzifədən istefa verməsi “qırmızı-qaralar”ın iddiasını itirməsinə səbəb olmayacaq.
Lakin yeni mövsümdən fərqli “Qəbələ” görəcəyimiz dəqiqdi. Heydərovların imtinası ilə klubun əl dəyişməsi gözlənilir. Düzdü, Tale bəyin istefası hələ onların klubdan imtinası demək deyil, rəsmi açıqlama verilənə kimi gözləməliyik. Ola bilsin, az büdcəylə yola davam edildi, klub rəhbərliyinə başqa bir adam gətirildi. Klubun yaxşı akademiyası var və burada yetişən uşaqların xidmətindən yararlanmaqla ortabab klub saxlamaq olar.
Bununla belə, gözlənilən “Qəbələ”nin də AFFA-nın caynağına keçəcəyidi. Assosiasiya çoxdandı Heydərovların burada yaratdığı infrastruktura göz dikib. 10-a yaxın təbii örtüklü meydan, yüksək şəraitli infrastruktur mövcuddu. Və AFFA-dakılar buranı milli komandaların bazasına çevirmək adı ilə ələ keçirməyə çalışır. Klubun 2 il Avropa Liqasının qrupuna düşməsi, rəhbərliyin uğurlardan həvəslənməsi çoxdankı planı təxirə salırdı. Nəhayət, indi fürsət düşüb.
13 yaşlı "Qəbələ" 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsində çıxış edib, 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, 2016-2017 və 2017-2018 mövsümlərində isə gümüş medala yiyələnib.
Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludu. Uğurlu iş adamının klubdan ayrılmasının səbəbi digər işlərinin çoxluğu da ola bilər. Futbola bu qədər yatırım etmiş şəxslərin birdən-birə səhnədən çəkilməsi inandırıcı görünmür. Amma Azərbaycan reallığında hər şey mümkündü. İstefanın səbəbi rəsmən açıqlanandan sonra vəziyyət aydınlaşacaq.
İstənilən halda, “Qəbələ” yaya kimi yaşayacaq, avrokuboklara yüksəlməyə cəhd edəcək. Klubun mövsümlük büdcəsi təsdiqlənib və orada bütün xərclər nəzərə alınıb. Heydərov nə müqaviləsi olan futbolçuları, nə də komandanı yarı yolda qoymayacaq.
CAVAD