“Neftçi” “Qəbələ”nin daha bir liderini sıraların qatır. Stiven Jozef-Monroz yeni mövsümdən paytaxt klubunun formasını geyəcək.
Futbolinfo.az xəbər verir ki, ötən yay Baqali Dabonu Bakıya gətirən “Neftçi”nin yanılmadığı aydın oldu. İllik 250 min dollar maaş alan fransalı hazırda bombardirdi və komandasının zirvədə qərarlaşmasında əsas pay sahibidi. Sınanmış, özünü sübut etmiş futbolçuların transferinə üstünlük verən bakılılar bu səbəbdən indi də Monrozla danışıqlar aparır.
Dario Federikonun gedişindən sonra sanballı cinah oyunçusu axtaran “Neftçi” qışda heyətinə qata bilmədiyi Stivenlə indi anlaşıb. Yayda “Qəbələ” ilə müqaviləsi başa çatdığından, Monrozla danışıqlara başlanmasında qəbahət yoxdu. Bunu fürsət bilən liderin nümayəndələri də fransızla təmasa keçib.
Əldə etdiyimiz məlumata görə, artıq razılıq əldə olunub. Hazırda müqavilənin son detalları dəqiqləşdirilir. Monroz da “Neftçi”dən 200-250 min dollar aralığında maaş alacaq.
Monroz gələn mövsüm legionersiz oynamağa qərar verən “Qəbələ”dən ayrılacağını bilir. Klub prezidenti istefa verib, sabahın necə olacağı məlum deyil. Bu səbəbdən o, özünü maksimum qoruyur, zədədən qaçmağa çalışır. Qiymətini qaldırmaq üçün liderlərlə matçlarda əla çıxış edən futbolçu, digər komandalarla oyunlarda zəif təsir bağışlayır. Monroz məşqlərə də eyni münasibət göstərir. Hətta çempionatda yaranan fasilə zamanı yoxlama matçına çıxmaqdan boyun qaçırmışdı. Bütün bunlar mövsümü yaxşı formada başa vurmağa, müqavilə bağlayarkən sağlam olmağa hesablanıb.