“Azərbaycan Premyer Liqasında ötən iki turun 5 oyununu stadiondan canlı izləmişəm”.

Futbolinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. 53 yaşlı mütəxəssis bildirib ki, 22-ci turun “Sumqayıt” – “Qarabağ”, “Keşlə” – “Neftçi” və “Zirə” – “Səbail”, eləcə də sonuncu həftənin “Sabah” – “Səbail” və “Neftçi” – “Zirə” matçlarına tribunadan baxıb:

“Planlı şəkildə oyunları izləyirik. Yığma üzvlərini və digərlərini gözdən keçiririk. Yeni oyunçularla da maraqlanırıq. Həmçinin ölkə xaricində çıxış edənləri diqqətdə saxlayırıq. Bütün futbolçularla bağlı davamlı şəkildə köməkçilərimlə birgə müzakirələr aparırıq”. 

Hazırda vətəni Xorvatiyada olan Yurçeviç, Bakıya nəzərdə tutduğundan üç gün tez qayıdacağını açıqlayıb:

“Ötən turun oyunlarından sonra Zaqrebə qayıtmışam. Bakıya aprelin 20-də dönməyi düşünürdüm. Lakin 25-ci turun qarşılaşmaları 18-19 apreldə keçiriləcəyindən, ayın 17-də gələcəm”.

Baş məşqçi deyib ki, yığma üzvləri ilə yanaşı, AÇ-2020-nin seçmə mərhələsində qarşılaşacaqları rəqibləri – Slovakiya və Macarıstan millilərini də diqqətdə saxlayır.

Yurçeviç yığmanın növbəti təlim-məşq toplanışının yeri və tarixinin iki həftədən sonra dəqiqləşəcəyini deyib. Onun fikrincə, millinin yoldaşlıq görüşündəki rəqibinin adı elə həmin vaxt bəlli olacaq. (Report)

Azərbaycan millisi iyunu 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığmasını qəbul edəcək. Hər iki görüş 8-ci km stadionunda təşkil olunacaq. 

Shares: