“Pley-off mərhələlərində ilk oyun testdi. Bugünkü görüşdə düzgün plan üzrə oynamalıyıq".

Futbolinfo.az xəbər verir ki, bunu "Napoli"nin yarımmüdafiəçisi Allan deyib. 28 yaşlı futbolçu Avropa Liqasının 1/4 final mərhələsində "Arsenal"la keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb. O, komandaların bərabər şansa malik olduğunu söyləyib:

"Biz yalnız "Cenoa" ilə oyundan sonra bu görüş barədə düşünməyə başladıq. Pley-off mərhələlərində ən az səhvə yol verən qalib gəlir. Fikrimcə, bura qədər gələn hər bir komanda yarımfinala layiqdi".

Braziliyalı futbolçu komandasının final şansları barədə danışmağın erkən olduğunu əlavə edib. O, bunun ən böyük arzuları olduğunu da bildirib: "Final bir xəyaldı. Bu barədə danışmaq üçün hələ tezdi. Bunun üçün hətta psixoloji cəhətdən də möhkəm olmalısan. Bakı xəyalı yolunda səhv etmək olmaz".

Qeyd edək ki, bu gün keçiriləcək “Arsenal” – “Napoli” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Avroliqanın final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

Shares: