“Neftçi” bu xal itkisinə görə yalnız baş məşqçisindən narazı qalmalıdı. Aylardı yazılır, deyilir, amma italiyalı mütəxəssis tutduğunu buraxmır. Qorxaqların aqibəti belə olmalı idi. Ehtiyatlı oynamaq olar, lakin sənin müdafiən yalnız hücumçularının fərdi bacarığına görə yaxşı görünürsə, bunu bilməli, ona uyğun davranmalısan.
Premyer Liqada 24-cü tur sürprizsiz keçirdi. “Qarabağ” gözlənilən qələbə sayəsində çempionluq mübarizəsinə davam edirdisə, “Sumqayıt”la “Keşlə”nin növbəti məğlubiyyətləri onların mövsümün ən zəifləri olması haqda deyilənləri təsdiqləyirdi. Kəsəsi, bütün matçlarda favoritlər qalib gəlmişdi. Bircə qalırdı “Neftçi”nin “Səbail”i üstələyərək bir gün əvvəl oyun sayında əldən verdiyi liderliyi qaytarması.
Əvvəlki turlarda rəqibindən daha tez meydana çıxan bakılılar sonradan “Qarabağ”ın qələbəsini görmüşdü. Bu dəfə isə ağdamlılar gözləmədə idi və “Neftçi” psixoloji basqıdan çıxa bilmədi.
Əslində, hər şey əla gedirdi – “Neftçi” hesabı açmışdı, oyuna diqtə edirdi, liderliyini qorumaq üçün əla şans qazanmışdı. Və birdən Bordinin adəti yadına düşdü, növbəti dəfə hesabı qorumaq üçün beşli müdafiəyə keçdi. Bir neçə oyunda bunun əziyyətini çəkən, axırıncı dəfə bu üsulla “Qəbələ”yə xal bağışlayan italiyalı yenə komandaya zərbə vurdu. Subut olundu ki, müdafiəçi sayını artırmaq hələ düzgün müdafiə olunmaq demək deyil. Bununla rəqibin öz üstünə daha çox gəlməsini təmin edirsən.
Aftandil Hacıyev daha uğurlu əvəzetməyə əl atdı. O, həm oyun sistemini dəyişdi, həm də irəlidə aqressiv oynamaq üçün yetirmələrini ruhlandırdı. “Səbail”in bərabərlik qolunu çempionatın ən gənc oyunçusu Ədilxan Qaraəhmədov vurdu. O, Mamadu Mbodju asanca zərərsizləşdirdi və uzaq küncə qarşısıalınmaz zərbə vurdu. Az sonra ağır Mbodj Ağabala Ramazanova – bu dəfə sürətdə – uduzdu və meydan sahibləri 2:1 hesabıyla önə keçdi.
“Neftçi” bir məşqçinin edə biləcəyi ən ağılsız addımın qurbanı olmuşdu. Yarımmüdafiəni gücləndirmək və ya topu öndə saxlamaq üçün hücumları sıralamaq əvəzinə müdafiəçi sayını artırmaqla komandanı təzyiq altına salan Bordini məğlubiyyətdən həmin Mbodj xilas etdi. Hücumçu Canluka Sansonedən 4 dəfə çox qol vuran Mamadu son saniyədəki dəqiq baş zərbəsi ilə həm də səhvlərini unutdurmağa çalışdı.
Lakin bu qol “Neftçi” üçün heç nəyi dəyişmir. İstənilən halda, çempion olmaq üçün son turda “Qarabağ”ı yenmək lazım gələcək. Məğlubiyyət təqdirində də eyni tələb olacaqdı. Əvəzində Aleksandr Rıbkanın hirslənərək qırmızı vərəqə almasına da səbəb olan sonuncu qol “Qəbələ“nin işinə yaradı. “Qara-qırmızılar” 3-cü pillə uğrunda mübarizədə əsas rəqiblərinin xal itkisinə sevinməlidi.
Lider dəyişdi, amma böyük ölçüdə heç nə dəyişmədi. “Neftçi” yenə çempionluq şansını öz əlində saxlayır, sadəcə, indi ağdamlılarla şəxsi oyunda heç-heçə sərf etməyəcək, bugünədək “Qarabağ” həmin matçda qələbə qazanmağa məhkum idisə, indi bakılılar eyni məcburiyyətdədi.
Lideri dəyişən “Səbail”i də alqışlamaq lazımdı. İlk yarını bərbad keçirən komanda fasilədən sonra toparlandı. Heyət baxımından qonaqlardan zəif olan bayıllıların baş məşqçisi Aftandil Hacıyev həmkarının səhvlərindən maksimum istifadə etdi. Düzgün əvəzləmələr, daha cəsarətli futbol qələbə də gətirə bilərdi.
Maraqlıdı ki, gün ərzində baş tutan hər iki oyunu 1-ci hissəsi qolsuz bitdi, fasilədən sonra isə 7 top vuruldu. Və yalnız digərlərindən 1 qol az vuran “Keşlə” xal qazana bilmədi.
FƏRİD