“Qəbələ” “Keşlə”ni daha istəkli olmasına görə məğlub etdi. Mövsümün sonunda ayılan əyalət klubu itirdiyi mövqeləri qaytarmaq üçün maksimum səy göstərir.
 
Hətta klub prezidenti Tale Heydərovun istefası da “Qəbələ”ni ruhdan salmayıb. Bu gün Sənan Qurbanovun yetirmələri meydana çıxıb, heç nə olmayıbmış kimi mübarizə apardı və hədəfə doğru növbəti addımı atdılar.
 
“Qəbələ” təkcə mübarizə ruhunu göstərmədi. Tribunalardakı anşlaq da qəribə idi. Komandanı bugünədək səfər oyunlarında 40-50 nəfər dəstəkləyərdi, “Keşlə” ilə matçda isə bu say 500-ü keçdi. Sonradan hər şeyin klub rəhbərliyi tərəfindən təşkil olunduğu aydınlaşdı. Sponsorlara bağlı “Gilan” şirkətinin əməkdaşları səfərbər olunub, matça göndərilmişdi.
 
Heydərovun istefasından sonrakı anşlaqın dəqiq səbəbini bilmirik. Amma 2 variant var:
1-cisi, Tale bəyin qəfil istefası yuxarıların xoşuna gəlməyib. Bu şəxsin futbola yatırım etməkdən çəkinməsi təpkiyə səbəb olub və tələsik addım atılıb.
2-cisi, kluba gəlməsi gözlənilən yeni sponsorlar üçün şou təşkil olunub. Deyilənlərə görə, Heydərov klubu sıx münasibətdə olduğu ərəblərə təhvil vermək istəyir və bu, onları bir az da şirnikləndirmək üçün yaradılan ajiotajdı.
 
Meydandakı oyun, tribunadakı izdiham öz yerində, qəbələlilər başqa “bir şey” də göstərdi. Oyununu 42-ci dəqiqəsində Stiven Monrozun göstərdiyini nə yazmaq olar, nə də fotosunu paylaşmaq. Amma qonaqların futbolçusu bunu canlı efirdə göstərdi.
 
Təbii ki, bu biabırçılığa görə kimisə konkret günahlandırmaq olmur. “CBC Sport”dakılar belə bir halın yaşanacağını ağlına da gətirməzdi. Bu hadisədə əsas günah hakimdə idi və o da gördüyü ilə payını aldı. Monroz Vüqar Həsənlinin israrla “baxmaq istədiyini” nümayiş etdirdi, lakin o da oyunun canlı yayımlandığını düşünməli idi.
 
Hakim matçdan öncə futbolçuların geyimlərinə nəzarət etməli, yoxlamalıdı. Amma Vüqar yalnız hissə başa çatarkən Monrozun alt geyiminin rəngində problem olduğunu anladı. Futbolçu onu dəyişdikdən sonra hakim bir daha yoxlamağa qərar verdi və israrla tumanı yuxarı çəkməsini istədi. Efirdə də aydın eşidilir, Monroz Həsənliyə “… görmək istəyirsən?” deyib, geyimini bir az da yuxarı çəkir və … Biabırçılıq. Vüqar özünü o qədər itirdi ki, futbolçuya qırmızı vərəqə verməyi də unutdu.
 
“Qəbələ” 90 dəqiqədə çox şey göstərdi. Azarkeşlərə gözəl oyun, rəhbərliyə fanat izdihamı, hakimə görmək istədiyini…
 
AĞA
 
blank
 
blank
 
blank
 
Qaldır, bir az da…
Shares: