Hakim səhvləri o qədər biabırçı həddə çatıb ki, Aftandil Hacıyev kimi sakit, qaradinməz adam da üsyan edir. Dünən baş tutan “Səbail” – “Neftçi” matçından sonra meydan sahiblərinin baş məşqçisi ədalət təmsilçilərinin qərəzli idarəçiliyinə görə aşkar etirazını bildirdi.
Bəli, dünən Səbuhi Bayramov bir neçə epizodda ciddi səhv etdi. Qonaqların qapısına penalti təyin olunmalı, eyni zamanda bəzi epizodlarda “Səbail”in lehinə cərimə qərarları verilməli idi. Lakin bütün bu səhvlərin qonaqların uğuru naminə edildiyini deməzdik. Sadəcə, baş hakimin bacarıq səviyyəsi budur.
Bayramov “Neftçi”yə kömək etmək istəsə, bunu asanlıqla reallaşdırardı. Roberto Bordinin yetirmələri oyuna diqtə edirdi və meydan sahiblərini azlıqda qoymaq, qapılarına penalti təyin etmək və ya hansısa hoqqa çıxarmaq üçün hər cür şərait var idi. “Axtaran” hakim o məqamı tapardı.
Həm də Səbuhinin “Neftçi”yə “işləmədiyini” statistika göstərir. Bu hakim cari mövsümdə bakılıların 3 oyununu idarə edib və komanda hamısında xal itirib: “Zirə” – “Neftçi” 0:0, “Neftçi” – “Qəbələ” 1:1, “Səbail” – “Neftçi” 2:2. Deməli, söhbət kiməsə qarşı qərəzdən getmir, bu hakimin səhvlərinin səbəbi başqadı.
Düzü, Səbuhinin hakimliyini bəyənənlərdənəm, səhvlər isə hamıda ola bilər. Lakin bu hakimin xətaları onun özünün yox, Hakimlər Komitəsinindi. Cəmi 3 aydı Premyer Liqada debüt edən birinə 6 vacib oyun tapşırılıb və bunlardan 4-də liderləri meydana çıxarıb. Çempionluğun həll olunduğu bir məqamda təcrübəsiz birini bu qədər yükləmək əvvəl-axır onun yandırılmasına səbəb olacaq. Komandalara da yazıqdı, bu hakimə də. Kiməsə güvənmək yaxşıdı, lakin ondan istifadə etmək, ilk mövsümündəcə məhvinə çalışmaq yolverilməzdi.
AĞA