Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Pavel Paşayevin “Qarabağ” və “Neftçi”nin hədəfində olduğunu xəbər vermişdik.
Futbolinfo.az-ın məlumatına görə, müdafiəçi yayda Azərbaycan klublarından birində çıxış edə bilər. Onun xidmətində daha çox bakılılar maraqlıdır. “Ağ-qaralar”ın rəhbərliyi Paşayevi heyətə qatmaq üçün əlindən gələni edir.
Elə futbolçunun futbolinfo.az-a verdiyi açıqlamadan da bunu anlamaq olar. Paşayev əvvəlcə “Qarabağ”la bağlı sualı cavablandıraraq, xəbəri ilk dəfə bizdən eşitdiyini bildirdi: “Bu barədə ilk dəfə sizdən eşidirəm. Ona görə “Qarabağ” haqqında heç bir şərhim yoxdur”.
Pavel “Neftçi” ilə bağlı suala isə gülərək şərh verdi: “Bu barədə sizə heç nə deyə bilmərəm (gülür)”.
Görünən odur ki, yığmamızın oyunçusu da “Neftçi”nin heyətində çıxış etməyə razıdır. “Oleksandriya”da işləri heç də pis getməyən oyunçu yəqin ki, daha yaxşı təkliflə Azərbaycanda oynayacaq.