AFFA-ya gedə, bütün rəhbərlərin otağını aça və onlara 3 barmağın həndəsi fiqurunu, orta barmağımı və i. və s. göstərə bilərəm. Mənə nə edəcəklər ki? Uzaqbaşı belə etməməyim haqda məsləhət, tövsiyə verəcəklər. Stiven Monrozdan FAKT görmüş, susmuş adamlardı, nə haqları var başqa hərəkət etməyə?
 
Yox, məni qandallatdıra, ölkədən sürgün etdirə, hətta futboldan yazmağıma qadağa qoydura bilərlər. Azarkeşləri istefa şüarlarına görə tribunalardan uzaq salan, onları “xuliqan” deyub damğalayan, hər oyunda “dubinka” qorxusu ilə futbol izlətdirən bunlar deyilmi? Gücləri yalnız bizə, futbolu qarşılıqsız sevənlərə çatır. Pul qazanan, qazandıran, xərclətdirən, xərcləyən onların ağasıdı, istənilən musiqini sifariş etdirə bilərlər.
 
AFFA-nın “Qəbələ”nin futbolçusunu cəzalandırmağa cəsarəti çatmadı. Fransalı bütün ölkənin gözü önündə, mavi ekranda striptiz göstərdi, məmurlarımız izə ona hətta şərti cəza verməyi də bacarmadı.
 
Bəli, Monroz həmin biabırçı epizoda görə yeganə günahkar deyildi. Lasinlə bağlı rəng seçiminə görə klub da suçluydu, inzibati işlərə cavabdeh olanlar məsuliyyətsiz davranmışdı. Monroz isə hakimin israrı üzündən axmaqlıq etdi və biabırçı səhnə yaşandı. Amma buna onu məcbur edən 4-cü hakim idi. Həmin hakim ki, geyimləri matçdan öncə yoxlamalı, həmin anda isə Monrozu tumanını başına çəkməyə məcbur etməməli idi. Fransız da çılğınlıq etdi və bunu israrla istəyən hakimin sədrinin gözü önündə şou göstərdi.
 
Qəbələ stadionunda ehtiyat bayraq olmadığı üçün klubu cərimələyən AFFA nə əcəb geyimdəki qüsura bu dəfə göz yumdu? Axı, cəza vermək üçün indi daha münasib şərait vardı, biabırçılıq yaşanmışdı.
 
Monroz niyə cəzasız qaldı? Axı, hətta hakimin tələbi də onu bu qədər açıq-saçıqlığa təhrik etməməliydi, futbolçu tribunadakı, ekran qarşısındakı azarkeşləri düşünüb, ehtiyatlı davranmalıydı.
 
Deyək ki, bütün bunların yeganə günahkarı geyimləri yoxlamayan, Stiveni də paltarını yuxarı qaldırmağa məcbur edən hakimdi. Bəs, o, niyə cəzasız qaldı? Əksinə, Rövşən Rəcəbov mövsümdə ilk dəfə baş hakim kimi təyinata layiq bilindi. Deməli, tapşırığı doğru yerinə yetirib, sədrinə, haqqında şaiyələr gəzən Frits Stuxlikə görmək istədiyini göstərib və mükafatını da təyinatla alıb.
 
O biabırçı görüntü təkcə azarkeşlər üçün deyildi. Monroz AFFA rəhbərliyinin də payını verdi. Cəzalanmayıbsa, deməli, hamı layiq olduğunu, görmək istədiyini görüb. Elə “Keşlə”nin prezidenti Zaur Axundov da. Həmişə əsib-sovuran bu şəxs səsini kəsdi, halbuki Monroz həmin epizodda layiq olduğu qırmızı vərəqəni alsaydı, komandası say üstünlüyü qazanar, matçı xalsız başa vurmazdı. Lakin milyonlar dağıdan bu adamı elə susdurublar ki, o da “göydəndüşmə FAKTdan” istifadə edib səsini çıxarmadı.
 
Tərbiyəm daha pisinə imkan verməz, amma bu həftə AFFA-ya gedəcəm – Monrozun FAKTını görməyənlərə “barmaq” göstərməyə…
 
FƏRİD
Shares: