Birinci divizionda şıdırğı alver gedir. Danışılmış oyunların kökünü kəsə bilmədiyi üçün susan AFFA faktiki aciz qalıb. UEFA-dan hər həftə şübhəli matçların yeni siyahısı gəlir.
AFFA-nın nəyi, niyə gizlətdiyini bilmirik, amma bizim də şübhələndiyimiz məqamlar var. Divizonda əmsalı yüksək olan, favorit göstərilməyən komandaların qələbə sayı xeyli çoxalıb. Zəif bilinənlərin gözlənilməz qələbələri təbii ki, təsadüf deyil. 1-2 oyun olsa, şübhələnməzdik, lakin indi hər tur bir neçə belə oyuna şahid oluruq. Hələ bol qollu matçlar və s. demirik.
Son vaxtlar divizionda qumar başqa üsulla oynanılır. Şəxsi müşahidələrimizə əsasən bir neçə faktı yazacaq və AFFA-nın araşdırmasını gözləyəcəyik.
Mərc oyunları ilə maraqlananlar bilir ki, oyun çevirməyin əmsalı minimum 15-20 əmsalı ilə ölçülür. İlk yarıda bir komandanın, 90 dəqiqənin tamamında isə digərinin qələbəsi bu variant pul qoyanlara sərvət qazandırır. Əmsal isə bunu zəifin və ya qonaq komandanın bacarması halında daha böyük olur, “stavka” edənə qoyduğu pulun 30-40 mislini qazandırır.
Və bizim divizionda son 4 turun bugünədək baş tutan 25 oyununda artıq 7 belə matç reallaşıb. Bu, ümumi oyunların 28 faizi deməkdi. Müqayisə üçün qeyd edək ki, Premyer Liqada reallaşan 24 turun 96 matçı ərzində cəmi 3 dəfə belə geridönüş reallaşıb. Təkcə bu fakt divizionda belə nəticələrin ssenariylə reallaşdığını deməyə əsas verir.
Son 4 turun hissə və matçda fərqli qalibləri olan qarşılaşmalarının siyahısı:
20-ci tur
Qarabağ-2 – Keşlə-2 1:2 (1-ci hissə 1:0)
Sumqayıt-2 – Zaqatala 3:2 (1-ci hissə 1:2)
21-ci tur
Zaqatala – Səbail-2 3:2 (1-ci hissə 1:2)
MOİK – Qarabağ-2 2:1 (1-ci hissə 0:1)
22-ci tur
Səbail-2 – Qaradağ Lökbatan 2:3 (1-ci hissə 2:1)
Qarabağ-2 – Neftçi-2 2:1 (1-ci hissə 0:1)
23-cü tur
Qaradağ Lökbatan – Ağsu 1:2 (1-ci hissə 1:0)
“Qarabağ-2” 3, “Səbail-2”, “Zaqatala” və “Qaradağ Lökbatan” hərəyə 2, “Keşlə-2”, “Sumqayıt-2”, MOİK, “Ağsu”, “Neftçi-2” hərəyə 1 dəfə belə matçın iştirakçısı olub. Hansı matçların ssenariləşdirildiyini, hansıların təsadüfən belə alındığını deyə bilmərik, lakin şübhələnmək, buna əsasən araşdırma aparmaq üçün əsas var. Təki istək olsun.
Onlarla adamı futboldan ömürlük uzaqlaşdıran, “Bakılı”, “Şərurspor”, “Göyəzən”, “Rəvan”, “Şahdağ” və s. klubları ya diskvalifikasiya edən, ya da şübhə səbəbi ilə yarışlara buraxmayan AFFA virusun kökünü kəsə bilməyib. Yenidən ciddi araşdırmalar aparılmalı, cəzalar tətbiq olunmalıdı. Yox, bu klubları qovmaqla AFFA-nın baş katibi Elxan Məmmədov, eləcə də yarışı keçirən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bazarı öz əllərində saxlamaq istəyibsə, bu, başqa məsələ. Bu yazı/xəbərə reaksiyalarından biləcəyik…
AĞA