Premyer Liqada 25-ci tur autsayderlərin kötəklənməsi ilə başladı. Sumqayıtda bürünc medala, Bakıda çempionluğa iddialı komanda son pilləni tutmağa 2 namizədi xalsız qoydu.

Əslində, “Sumqayıt”ın qalib gəlib əsas rəqibindən uzaqlaşmaq şansı daha çox idi. Meydan sahibləri hesabı açmışdı, daha yaxşı oynayırdı, hətta “Səbail”in bərabərlik qolunu vurandan sonra azlıqda qalması da Ayxan Abbasovun yetirmələrinə kömək etməli idi. Amma qələbə qolunu qonaqlar vurdu.

Bəxtdən, hakimlikdən şikayətlənməyin yeri yoxdu. “Sumqayıt” çox zəifdi, pis oynayır və layiq olduğu pillədədi. Rəhbərliyin, məşqçinin, yoxsa futbolçuların günahıdı – qoy, bunu özləri müəyyən etsin. “Səbail”  layiq olduğu qələbəni qazandı.

Elə “Qarabağ” haqda da eyni sözləri demək olar. Qapıçının zədələnməsi, penalti epizodu və s. bəhanələrin yeri yoxdu, ağdamlılar rəqibindən çox üstündü və meydanda gəzə-gəzə qələbə qazandılar. “Keşlə” mövsüm boyu çox yanlışlara yol verib və onun əziyyətini çəkir. Heyət düzgün qurulmayıb, 3 dəfə məşqçi dəyişilməsi, futbolçuların necə gəldi seçilməsi təsirini göstərir. Futbolçu baxımından say çox, keyfiyyət yoxdu. Rəhbərlik transfer siyasətinə nəzarət etməyib, hər məşqçi özünə uyğun futbolçu gətirib və indi hamısı artıq yükə çevrilib.

Baş məşqçi Tərlan Əhmədovun futbolçular barədə şübhəli danışması xoş deyil. Bəlkə də haqlıdı, meydanda göstərilən oyun buna əsas verirdi. Amma futbolçuların istəksiz oynamasının səbəbi kiməsə könüllü təslim olmaq istəyinə görə deyil, əksər oyunçular komandada son oyunlarını keçirdiklərini bilirlər, heç biri perspektivsiz komanda üçün özünü fəda etmir. “Keşlə” ailə deyil, hədəfi yoxdu, hamı sabah hara qaçacağını düşünür. Futbolçular sanki oynamaq üçün motivasiya tapa bilmir.

Bütün bunlar mövsüm boyu buraxılan səhvlərin nəticəsidi. Heyətdə bir işə yaramayan 4 hücumçu var, normal cinah oyunçusu yoxdu, müdafiə və orta xətt ağırdı, yaşlı oyunçular üstünlük təşkil edir, əksər futbolçular digər komandalara yaramayanlardı. Və belə komandanın son pillədə olması qanunauyğunluqdu. “Keşlə” yeni mövsümə salamat çıxsa, “sıfır”dan yığılmalıdı.

Bugünkü oyunların nəticəsindən asılı olmayaraq, “Qarabağ” turu lider kimi bitirəcək. Son vaxtlar məhsuldarlığı artıran ağdamlılar yaxşı formadadı. “Neftçi”nin zirvədəki hegemonluğunun bitməsi komandanı ruhlandırıb, növbəti çempionluğa inamı artırıb. Hazırda 5 xallıq fərq var və bu, əsas rəqib üzərində psixoloji basqı yarada bilər.

FƏRİD

Shares: