“Zirə”dən də belə müəmmalı şəkildə ayrılmışdı, “Qəbələ”dən də. Milli üzvü olsa da, sözügedən klublar bu istedadlı cinah oyunçusunu çox asanlıqla yola salmışdı.
İndi də “Sabah” belə qərara gəlib. Mövsümün sonunda, vacib oyunlar ərəfəsində debütant daha bir futbolçunu əsas heyətdən kənarlaşdırır. Miloş Bosançiçlə müqaviləyə xitam verilməsi anlaşılan idi, serb komandaya fayda vermirdi, lakin Təmkin Xəlilzadənin vidası eyni səbəbdən ola bilməz.
Səbəb kimi intizam qaydalarının pozulması göstərilir. Təmkin xarakterinə görə belə səhvə yol verəcək biridi, lakin “Neftçi” ilə matçöncəsi bu cür sərt qərar təkcə onun intizamsızlığına görə verilə bilməz. Görünür, xeyli vaxtdı qalaqlanan əsəb çəlləyi nəhayət, daşıb.
Komandadan kənarlaşdırmaya başqa səbəb düşünmək istəmirik. Müəyyən şaiyələr, futbolçunun formasına, hazırlığına diqqət etməməsi, kənar məşğuliyyətləri haqda informasiyalar var. “Sabah” rəhbərliyi “Qəbələ”nin yola saldığı oyunçuya sahib çıxdı, problemlərini yoluna qoymaq üçün hər şey etdi, lakin görünür, “qozbeli qəbir düzəldir”. Bununla Təmkin özünə pislik, istedadına xəyanət edir. “Sabah” o olmadan da Premyer Liqada qalacaq, amma belə davranışı ilə Xəlilzadəyə heç kim güvənməyəcək.
“Sabah” dünənə kimi təmkinli davrandı. Yəqin ki, işlər cığırından çıxmasaydı, mövsümün bitiminə kimi də belə edərdilər. Təəssüf ki, qərarı tezləşdirən nələrsə olub…