“Qəbələ” ətrafında gəzən söz-söhbətə nöqtə qoyuldu. Ən azı mövsümün bitiminə kimi…
Bu müddətin uzanma ehtimalı daha böyükdü. Çünki klubun sahibləri olan Heydərovlar da ciddi adamlardı, onların yeni prezident kimi təqdim etdikləri Fariz Nəcəfov da. Bu təyinat müvəqqəti, 1-2 aylıq ola bilməz.
Kluba yeni sahibin gəlməsi haqda deyilənlər doğru çıxmadı və ya “yuxarı”da hansısa proseslər baş verdiyi üçün ləğv edildi. Ola bilsin, klubun büdcəsi azaldılacaq, böyük iddiası olmayacaq. Əsas odu ki, “Qəbələ” özü olacaq, Premyer Liqada müstəqil bölgə klubunun varlığı davam edəcək.
Klubun rəsmi məlumatı ümidvericidi. Bildirilir ki, sabiq prezident Tale Heydərov tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdi. Deməli, bundan sonra əsas diqqət yerli gənclərə, klubun yetirmələrinə ayrılacaq, eyni zamanda avrokuboklara vəsiqə qazanılması da prioritet olacaq. Bu iki bənd bir-biri ilə uyuşmasa da, hədəfin olması yaxşıdı.
Yeni prezident Nəcəfov təyinatla bağlı bildirib: "Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə edib".
Tale Heydərov isə bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm – bilirəm ki, onlar daha da irəli gedəcəklər".
İstənilən halda, büdcənin azalması və iddianın da həminki olmayacağı dəqiqdi. Tale bəy zəif komandanın rəhbəri olmaq istəmədi. Bəlkə daha böyük planları var, bəlkə də futbolla vidalaşmaq üçün keçid mərhələsidi, tezliklə klub ümumiyyətlə, kimlərəsə təhvil veriləcək. Fakt isə ondan ibarətdi ki, mövsümün sonuna kimi klub sabit çıxış edəcək və avrokuboklara vəsiqə üçün sonadək döyüşəcək.
“Keşlə” ilə son səfər oyununa azarkeş dəstəsinin gətirilməsi, süni ajiotaj təsadüf deyildi. O planın altında nələrsə var idi. Bütün suallara yayda aydınlıq gələcək. Əsas odu ki, qeyri-müəyyənliyə qismən son qoyuldu, futbolçuların ruhdan düşməsi üçün səbəb yoxdu. Avrokuboklara vəsiqə qazanaraq mövsümü major notda başa vurmaq olar. Klubun gələn mövsümkü sifəti üçün də bu, vacibdi.
AĞA