“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Oyuna ciddi hazırlaşmışdıq. Buna qədər 3 matçda "Neftçi"dən xal götürməmişdik. Bu görüşdə ilk yarıda pis təsir bağışlamadıq”. 

48 yaşlı mütəxəssis bildirib ki, görüşün 55-ci dəqiqəsində Novruz Məmmədovun qırmızı vərəqə alması oyunlarına mənfi təsir edib: "İkinci sarı vərəqə epizoduna baxmaq lazımdı. "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindi".

Baş məşqçi buraxılan ilk qolda qapıçı Saşa Stamenkoviçin səhvə yol verməsinə də toxunub: "Bəli, qolda səhvi vardı, zərbəni dəf etmək olardı. Ancaq alınmadı. O, komandamız üçün lazımlı oyunçudu. Səhv hamımızındı. Bu yerlərə gəlməyimizdə həm Saşanın, həm də Marko Deviç kimi futbolçuların əməyi böyük olub. Mövsümün əvvəlində qarşımıza elitada qalmaq tapşırığı qoyulmuşdu. İndi mövsüm bitər, rəhbərlik qiymət verər".

Əhmədov Təmkin Xəlilzadənin əsas heyətdən kənarlaşdırılması barədə də danışıb: "Klubdaxili işdi, açıqlama vermək düzgün deyil. Nizam-intizamı pozduğuna görə cəzalandırılıb. Lazım olsa, klubdan açıqlama verilər". (matc.az)

Shares: