“Neftçi” asan təslim olmayacağını göstərdi. Premyer Liqada son turun “Sabah”la görüşü bakılıların psixoloji durumunun qaydasında olmasının isbatı idi.
“Səbail”lə matçda vacib 2 xal itirən bakılılar mövsüm boyu davam edən liderliyi “Qarabağ”a təhvil verəndə, çempionluq yarışından qopacağı haqda düşüncələr baş qaldırmışdı. Roberto Bordinin yetirmələrinin debütantla oyunda pozulmuş əhval-ruhiyyə ilə mübarizə aparacağı gözlənilirdi. Və bu, növbəti xal itkisinə səbəb ola bilərdi. Lakin rəhbərlik komandanı böhrandan çıxara bildi və turun son oyununda “Neftçi” qələbə üçün lazım olan etdi.
“Sabah” mövsüm ərzində ən yaxşı oyunlarından birini keçirdi. Elşad Əhmədov komandanı oyuna yaxşı kökləmiş, taktiki cəhətdən əla hazırlaşmışdı. Meydan sahiblərinin baş məşqisi ilk yarıda həm rəqibi dayandırdı, həm də oyuna diqtə edən tərəf olmağı bacardılar. Matçın əvvəlində qonaqların, fasilə ərəfəsində “Sabah”ın bir neçə qol epizodu oldu. Lakin ümumi baxanda meydan sahibləri daha yaxşı idi.
İlk 45 dəqiqədə debüt edən baş hakim Rövşən Rəcəbov daha çox görünürdü. Onu Stiven Monrozdan gördüyü FAKT necə hirsləndirmişdisə, hər epizodda sarı vərəqə göstərirdi. Hiss olunurdu ki, hakimin aqressivliyi kiminsə meydandan qovulmasına səbəb olacaq. Bu şəraitdə ağıllı davranan salamat çıxacaqdı. Fasilədə məşqçilərin futbolçulara nə dediyini bilmirik, lakin təcrübəli qonaqlar ikinci hissədə bu baxımdan peşəkar davrandı. Sarı vərəqəsi olan futbolçular toqquşmalardan qaçdı, meydan sahiblərinin müdafiəçisi Novruz Məmmədov isə tora düşdü.
Əslində, ustalıq səviyyəsi daha ağıllı davranmağa imkan verməyən Novruzun bu aqibəti yaşayacağı gözlənilirdi. Onun cinahındakı rəqib oyunçular daha keyfiyyətli idi, Məmmədovu “tutacaqları” gözlənilirdi. Bu müdafiəçi karyerası boyunca aldığı qırmızı vərəqələrin əksərini məhz “Neftçi ilə matçlarda görüb, bu komandaya qarşı aqressiyası da var. Bu dəfə də istisna olmadı. Düzdü, onun ikinci “sarı”sını verməmək də olardı. Lakin mövsüm ərzində “Sabah”a qarşı nədənsə amansız olan hakimlər yenə rahatlıqla qırmızı vərəqə çıxardı. Belə qayda pozuntusuna görə hansısa iddialı komandanın oyunçusuna göz yumulardı, debütantı isə bağışlamadılar.
Bu qırmızı vərəqə matçın qırılma nöqtəsi oldu. Əhmədov əvəzetməyə yubandı, müdafiəni nizama sala bilmədi və hesab açıldı. Halbuki qollar da daxil olmaqla, “Neftçi” ikinci hissədə ciddi epizod yarada bilmirdi. 10 nəfərlə oynayan “Sabah” əvvəlki turlarda 2 dəfə azlıqda qala-qala xallar qazanmışdı, lakin bu dəfə Cavid İmamverdiyevin top itkiləri, Saşa Stamenkoviçin qapıda inamsız oyunu bu arzunun üstündən xətt çəkdi.
“Neftçi” layiqli qələbə qazandı, qalibi mühakimə etməzlər. Lakin rəhbərlik Bordinin özündənrazılığına imkan verməməlidi. Çünki qollar Stamenkoviçin uşaq səhvlərindən sonra reallaşdı və komanda ikinci hissədə faktiki real qol şansı qazanmadı. İtaliyalı baş məşqçi isə Kiril Petrovun erkən zədələnməsindən sonra sevimli 5 müdafiəçi sisteminə keçməyə hazır oyunçu tapmadı, əvəzində Platellası Kaneylə əvəz edib, dayaq bölgəsini möhkəmləndirdi. O, bununla hətta azlıqda qalan rəqibdən də ehtiyat etdiyini göstərdi. Halbuki “Neftçi”nin gücü hücumdadı.
Oyundakı bir epizod isə Bordin adına utancverici idi. Rəqib oyunçu Erik Ramosun “Neftçi”nin baş məşqçisinin üzərinə yeriyib onu yerində oturmağa məcbur etməsi diqqətdən qaçmadı. Hans-Yürgen Gededən sonra bakılıların heç bir məşqçisi bu dərəcədə əzilməmişdi. Roberto hansı klubun baş məşqçisi olduğunun fərqinə varmadan çılğınlıq etdi və Ramosun barmaq silkələməsi qarşısında susdu.
“Neftçi” yenə də çempionluq iddiasını davam etdirir və heç nə itirilməyib. Lakin titul qazanılacaqsa da, bu, Bordindən daha çox rəhbərliyin hərtərəfli işinin və futbolçuların fərdi bacarığının, əzmkarlığının nəticəsi olacaq. Paytaxt təmsilçisi klub kimi Bordindən daha üst səviyyəli məşqçiyə yaraşan vəziyyətdədi.
FƏRİD