Komandalarda legionerlərin orta yaş həddi də həddən artıq yüksəkdi. Düzdü, bunun bir səbəbi cavan əcnəbilərin ölkəmizə gəlməyə həvəs göstərməməsidi. Amma bu da heç kimə veteran yığınına qucaq açmağa əsas vermir. Yaşı 30-dan çox olan legionerlərin sayı “Qarabağ” 5, “Neftçi” 5, “Keşlə” 5 və “Səbail”də 5, “Zirə”, “Qəbələ” və “Sabah”da 3-dü.
Maykl Essyen 36 yaşla Premyer Liqanın rekordçusudu. Yerlilərdən yalnız Rəşad Sadıqov onunla eyni yaşdadı. “Qarabağ”ın kapitanının komandasının lideri olduğunu nəzərə alsaq, yəqin ki, “Səbail”in əcnəbisi 40-ı çoxdan haqlayıb. Afrikalılara xas süni yaşazaltmalının qanalıdan da yan ötmədiyini fiziki durumu da isbatlayır.
Beləliklə, legionerlərin orta yaş həddi:
Sabah – 30,80
Keşlə – 29,66
Qarabağ – 29,45
Səbail – 28,81
Neftçi – 28,77
Qəbələ – 28,71
Zirə – 28,09
Sumqayıt – yoxdu
35 yaşlı Marko Deviç “Sabah”ın siyahıya başçılıq etməsi üçün kifayət edib. Bu komandada 34, 31 və 2 27 yaşlı əcnəbi də var. Artıq vidalaşan Miloş Bosançiç siyahıda nəzərə alınmayıb – onun da 30 yaşı var idi. Gələcəyin komandası belə qurulmamalıdı.
“Keşlə”nin ikinci pillədə olması aldadıcıdı. Əslində, bu komanda hamıdan qocadı. Qışda göndərilən bəzi əcnəbiləri də nəzərə alsaq, vəziyyət daha faciəvi olardı. Azərbaycanlı olan, amma ölkəmizdə Rusiya vətəndaşı kimi oynayan 23 yaşlı Samir Məsimovu nəzərə almayanda legionerlərin orta yaş həddi 30,50-yə yüksəlir. Bu, komandanı quranların, heyəti komplektləşdirənlərin necə məsuliyyətsiz olduğunu göstərir. “Keşlə”nin son pillədə olmasının əsas səbəbi də elə budur. Komanda Premyer Liqada qalsa, yayda heyət tamamilə təmizlənməlidi.
Siyahı 2 ay əvvəl hazırlansaydı, “Qarabağ” ikinci pillədə olardı. Mövsümün ikinci yarısı başlayandan sonra 36 yaşlı Ansi Aqolli və 35 yaşını tamam etmiş Hannes Halldorsson yola salınıb. Onlar statistikada nəzərə alınsaydı, ağdamlılar bu göstəricidə 30,38-lə seçilərdi. Ümumiyyətlə, Qurban Qurbanovun sərəncamında qoca armada var və yayda ciddi islahatlar aparılmasa, avrokuboklarda dinamikaya dözməyən, piyada gəzən futbolçuları görəcəyik.
(davamı olacaq)
CAVAD