“Zirə”ylə “Sumqayıt” indiki anda çempionluq yarışına müdaxilə etməmək üçün tam şərait yaratmışdı. Fikri ölkə kubolunun yarımfinalında olan və tarixlərində ilk dəfə həlledici matça vəsiqə arzulayan komandalar Premyer Liqanın qızıl medal iddiaçılarına növbəti qələbə üçün qapıları taybatay açmışdı.
 
Qarşıdakı həftədə mövsümün ən vacib matçlarından birini oynayacaq cütlük ikinci heyətlərini meydana buraxmış, matça məğlubiyyəti boynuna alaraq çıxmışdı. Və bundan istifadə etməyən yalnız özünü qınamalydı. “Qarabağ”ı da çətin kubok görüşü gözləyir. Lakin 2 cəbhədə oynamaq ağdamlılar üçün ciddi çətinlik törətməməliydi.
 
Ağdamlıların rahat qələbə qazanıb yarımfinal matçına gücünü qorumasında rəqib qapıçının müstəsna rolu oldu. Dani Kintananın zərbəsi zamanı kuryoz top buraxan Abdulla Seyidəhmədov daha sonra müdafiəçilərlə birlikdə eyni “qəhrəmanlığı” etdi. 28-ci dəqiqədə ciddi üstünlük qazanan lider qalan dəqiqələrdə məşq edə-edə 3 xalını hesabına yazdırdı. İkinci hissədə fərq daha da böyüdü və ağdamlıların turu lider kimi başa vuracağı aydınlaşdı.
 
“Neftçi”nin işi daha asan olmalıydı. Bakılılar evdə oynayırdı, rəqib baş məşqçi Ayxan Abbasov hətta elita təcrübəsi olmayan futbolçulara güvənməyi lazım bilmişdi. Üstəlik, komandanın erkən qol vurması Roberto Bordinin ürəyincə olmuşdu. Hər şey əla gedir, komanda ardıcıl təhlükəli vəziyyətlər yaradırdı. Hətta şansların boşa verilməsi də narahatlıq yaratmırdı, növbəti qolların vurulması üçün şərait vardı.
 
“Bomba” fasilə ərəfəsində partladı. “Sumqayıt”ın ikinci heyəti əzmkar oynamağa başladı və təzyiq göstərəndə rəqib müdafiənin necə pərən-pərən düşdüyünə əmin oldu. Əmir Ağayev gəldiyi gündən bu yana ilk dəfə futbol oynamağa başladı və çox istedadlı olduğunu 10 dəqiqəyə göstərdi. Öncə fərdi bacarığı hesabına hesabı bərabərləşdirdi, ardınca komanda yoldaşına məhsuldar ötürmə verdi.
 
“Neftçi”nin onsuz da tənqid olunan müdafiə xəttinin durumu elə bu təzyiq vaxtı üzə çıxdı. Mamadu Mbodjun cəzalı, Kiril Petrov və Anton Krivotsyukun zədəli olması bakılılar üçün müdafiənin mərkəzində “quyu” qazmışdı. Bu məqamda Ruslan Abışovun formada olmaması, Petru Rakunun isə yanlış transfer olması aşkara çıxdı. Əmir onları uşaq kimi aldadıb hissəni komandasının xeyrinə bitirdi. Cütlüyün çatdırmaması, ciddi mövqe səhvləri aşkar görünürdü.
 
Fasilədən sonra risk edən, hətta üç müdafiəçiylə oynamağa qərar verən Bordindən fərqli, Abbasov 4-cü mərkəz müdafiəçisini oyuna buraxdı. Bu, hücumdan imtina etmək, bakılıları ölkə kubokundan edən, bu stadiondakı ilk oyunda xal itkisinə məcbur qoyan taktikaya üstünlük verilməsi demək idi. Ayxan bəy tələsmişdi, nəticədə Baqali Dabo bərabərlik topunu vurdu. Növbəti qollar da ola bilərdi, hücumçular şansı qaçırdı, əvəzində qonaqlar əla əks-hücumla yenidən hesabda önə keçdi. Yenə müdafiənin mərkəzi az qüvvəylə irəli atılan rəqib qarşısında aciz qaldı və 2:3.
 
Qalan dəqiqələrdə ağıllı oynayan sumqayıtlılar hesabı qorudu. Bu, onların “Keşlə”dən 3 xal önə çıxıb elitada qalmaq uğrunda önəmli addım atmalarına səbəb oldu, eyni zamanda “Neftçi”nin çempionluq ümidlərinə ölümcül zərbə vurdu. İndi bakılıların taleyi öz əlində deyil. Sumqayıtlılar isə həm çempionatda bir az rahat nəfəs alacaq, həm də kuboka daha yaxşı motivasiya olunacaq.
 
Turun digər 2 matçı da əhəmiyyətsiz deyildi. “Sabah”a elitada yerini təmin etmək üçün udauzmamaq kifayət edirdi. Debütant əla oynayıb hətta qələbəyə nail olmaq üzrə idi. Lakin son dəqiqələrdə hakim hoqqası sayəsində “Keşlə” bir xal qazandı. Xətti keçməyən top qol sayıldı və oyun bu qol vurulana kimi uzadıldı. Bərabərlik “Neftçi”yə uduzacağı ehtimal olunan “Sumqayıt”ı son pilləyə salmaq üçün kifayət edirdi. Ancaq sonradan bəlli olacaqdı ki, “kimyaçılar”ın sürprizi daha sanballıdı.
 
“Səbail” – “Qəbələ” görüşü 3-cü yer uğrunda matç idi. Meydan sahibləri heç kimdən asılı qalmamaq üçün özləri qələbə qazanmalı idi və bunu bacardılar. Son dövrlər uğurlu oynamağa başlayan “qırmızı-qaralar” bunun davamını gətirmədi və bürünc medalı rəqibə bağışladılar. Düzdü, hələ avrokuboka vəsiqə rəsmiləşməyib, lakin bu şansı əldən vermək üçün axmaq olmalısan.
 
Çox şey aydındı, amma hələ hər şey tam dəqiqləşməyib. Növbəti turda “Qarabağ” “Səbail”i uda bilməsə, “Neftçi”ni şəxsi oyun üçün ümidləndirəcək. Bakılılar bunun üçün Qəbələdən qalib qayıdıb, ağdamlıları da son turda yenməlidi. Bu, çox kiçik ehtimaldı, lakin mümkündü. Əks halda, ağdamlılar son turda “Bakcell Arena”ya çempion kimi qədəm basacaq.
 
FƏRİD
Shares: