“Neftçi”nin bu yükü qaldırmayacağı çoxdan bəlli idi. Bakılılar hələlik itirilmiş mövsümlərdən sonra özünəqayıdış dövründədi, indi-indi komandaya çevrilirlər. Pillə-pillə komanda qurulur, ənənələrə qayıdılır. Daha ürəküzən oyun yoxdu, azarkeşlər ötən illərlə müqayisədə nisbətən nikbin olmalıdılar.
 
Doğrudu, “Neftçi” çempionatların əbədi favoriti olmalıdı, buna məhkumdu. Lakin bunun üçün münbit şərait də olmalıdı. Ötən illər ərzində klubun başında o qədər dəlləklik edilib ki, öncə xaosu aradan qaldırmaq, işləri sahmana salmaq gərəkdi. AFFA rəhbərliyinin, şəxsi maraqlarını düşünən bəzi məmurların “Neftçi”yə yersiz müdaxilələri komandanın axırına çıxıb. Müxtəlif rəhbərlər gəlib-gedib, hərəsi bir yara vurub – öncə həmin qarmaqarışıqlıqların fəsadlarını aradan qaldırmaq lazımdı.
 
İndiki rəhbərliyin səhvləri var. Transferlərdə xeyli yanlışlıqlar oldu, böyük klubun yükü bəzən ağır gəldi. Lakin insaf naminə, indikilər daha mütərəqqi qüvvələr kimi görsənir, vəziyyəti düzəltmək üçün hər şey edirlər. Komandanın indiki mövqeyi imkanlarla düz mütənasibdi, hətta daha yaxşıdı.
 
Fanatları ümidləndirən, dünənki oyuna kimi onları hədəfə inandıran “Neftçi”nin özü oldu. “Qarabağ”ın başının avrokuboklara qarışması üzündən liderliyin ələ keçirilməsi və 23 tur zirvədə olmaq hamını qızıl medallara həvəsləndirmişdi. Lakin həvəslə, istəklə hər şey mümkün olmur, reallıqlar da var. Əsas rəqib daha böyük büdcəyə, daha güclü və təcrübəli oyunçulara, oturuşmuş heyətə, millinin vazkeçilməz üzvlərinə sahibdisə, ikinci rolda olmağa məhkumsan.
 
2019-u daha yaxşı keçirmək olardı. Birbaşa baş məşqçi Roberto Bordinin səhvləri üzündən qaçırılan şanslar da var. Ancaq bütün bunlar formalaşan yeni komandanın başına gələ biləcəklərdi, sürpriz yoxdu. Tam səhvsiz olmaq imkansızdı. Son turda “Qarabağ”a doğma meydanda uduzub çempionluqdan olmaqdansa, bəlkə də elə “Sumqayıt”a təslim olub, şansı əldən vermək daha yaxşıdı.
 
Son illər “Qəbələ” uzun müddət çempionluq yarışında oldu, şans qazandı, istifadə edə bilmədi. İndi isə hegemonluq edən “Qarabağ” qarşısına “Neftçi” çıxıb. Ağdamlıları kifayət qədər narahat edən, problem yaradan bakılılar bu mövsüm onlara uduzmamaqla komanda ruhunu göstəriblər. İndi fanatları bu komandanı daşlamamalı, əksinə, dəstək olmalıdı.
 
Artıq bu mövsümü unutmaq, aqibətlə barışmaq lazımdı. “Qarabağ” ölkənin ən güclüsüdü və layiq olduğu yerdədi. Sağlam rəqabətlə mübarizə aparmaq üçün “Neftçi” özü güclənməlidi və bu, daha çox sponsorlardan asılıdı. Ağdamlılarla layiqli mübarizə üçün büdcəyə əl gəzdirilməli, eyni zamanda işi bir az da mükəmməlləşdirmək, səhvlərdən nəticə çıxarmaq lazımdı. “Neftçi”də Petru Raku, Kvame Karikari kimi təsadüfi legionerlər olmamalıdı, komandaya gələn əcnəbilər liderə çevrilməlidi. “Qarabağ”dan həm də bu nümunə götürülməlidi.
 
“Neftçi”də az iş görülmür. Klub daxilində yığılan illərin problemləri həll olunur, qara yaraya çevrilmiş baza tikintisi bərpa edilib, əvvəlki rəhbərliyin dövründə məhv edilən klub akademiyası yenidən qurulur, özəyi yox edilən heyət yenidən yığılır, küsdürülmüş azarkeşlərin tribunalara qaytarılması üçün hər şey edilir. Bununla yanaşı, yaxşı nəticə üçün də maksimum əmək sərf olunur. Hə, kifayət deyil, bəzən qüvvə yetmir, bəzən yanlışlıqlar olur, əsas olan odur ki, “Neftçi” səhv yola düşməyib. Azarkeşlər məhz indi kluba dayaq olmalı, yenilənən komanda üçün birləşməlidilər.
 
Bildiyimizə görə, mövsümün əvvəlində “Neftçi”nin qarşısına mütləq çempionluq hədəfi qoyulmayıb. Sponsorlar nəticəni daha da yaxşılaşdırmağı tələb edirdilər ki, bu da indidən təmin edilib. İndi qalır çempionluq üçün son patronlardan istifadə etmək və gələn mövsüm üçün hədəfi böyutmək.
 
AĞA
Shares: