“Şəxsən mən Avropa Liqasının Bakıdakı finalında İngiltərə – Almaniya qarşılaşmasını görmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, 1966-cı ilin dünya çempionatının finalına bizim birbaşa aidiyyatımız var. Həmin matçın laysmanı Azərbaycan hakimi Tofiq Bəhramov idi. Məhz onun qərarı ilə İngiltərə tarixindəki yeganə dünya çempionluğunu qazanıb”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın “Sovetski sport” qəzetinə müsahibəsində söyləyib. O qeyd edib ki, əcnəbi azarkeşlər üçün Tofiq Bəhramov güşəsi yaradılacaq. Bundan başqa onun heykəlini ziyarət etmək mümkün olacaq.
Elxan Məmmədov mayın 29-da keçiriləcək Avropa Liqasının finalını canlı izləyəcək azarkeşlərin sayı haqda da danışıb: “Martda UEFA onlayn-satışa başlayanda 21 min bilet satılmışdı. Qeyd edim ki, bu zaman hələ Avroliqada yarımfinalçılar bilinmirdi. İnsanlar sadəcə Bakıya gəlmək üçün bilet alırdılar. UEFA ilə əldə edilmiş razılığa əsasən, 15 min bilet Azərbaycan azarkeşləri üçün satılacaq. Hər biri 10 min olmaqla finalçı komandalara bilet ayrılacaq. Əminəm ki, stadion tam dolacaq. Əlavə olaraq, futbol bayramını yaşamaq üçün Bakıya gələcəklər”.
“İqtisadi baxımdan sizin üçün hansı komandaların finala çıxması sərf edir” sualına isə AFFA-nın baş katibi belə cavab verib: “Əlbəttə, ingilislərin. Çünki təkcə pivə satışından bütün xərci çıxarmaq olacaq”.