AFFA ən doğru qərarı verdi. Hər iki klub bu cəzaya layiq idi. Biri onsuz da uduzub yarışdan kənarlaşmışdı, o biri isə bunu saxta yollarla etməkdə günahlandırılırdı.
 
Assosiasiya hələlik detalları açıqlamayıb. Lakin qərardan görünür ki, 30 min manat qarşılığında könüllü məğlubiyyətlə bağlı deyilənlər doğrudu. Bütün komanda olmasa da, məğlublardan kimlərsə bu olaylara qarışıb. Və nəticə manipuliyasiya edilibsə, hər iki tərəf günahkardı – alan varsa, satan da var.
 
Region Liqasının 2-ci pley-off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından sonra birincilərin quruma ünvanladığı müraciət əsasında aparılan araşdırmanın yekun qərarı belədi. İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klublarını cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb. Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.
 
Alqışlayırıq, əladı. Bu addım digərlərinə də dərs olar. Ancaq maraqlı olan AFFA-nın divizionla bağlı susqunluğudu. Region Liqasında adi müraciətə bu qədər həssas yanaşan qurum görəsən, qumarın baş alıb getdiyi digər yarışa niyə biganədi?
 
Əslində, biganə deyil. UEFA-dan gələn siqnallar AFFA-nı da kifayət qədər narahat edir. Sadəcə, vəziyyət o qədər faciəvidi ki, olaylara müdaxilə etmək imkanı qalmayıb. Hamı alır, hamı satır, hamı qumar oynayır – ya komanda, ya da fərdi qaydada bütün iştirakçıların nədəsə rolu var. Cəzalandırmaq lazım gəlsə, divizion bütünlüklə ləğv edilməlidi, kimisə kimdənsə ayırmaq mümkün deyil. Belə kütləvi cəzalar isə bu gün mümkün deyil. Bakı Avropa Liqasının finalını qəbul etməyə hazırlaşır. Vacib oyun ərəfəsində səs-küylü qərarlar ciddi rezonans doğurar. Yoxsa ki, bu alverdən hamı xəbərdardı.
 
Sıravi azarkeşlər belə divizionda nələrin olduğunu bilirsə, deməli, AFFA-dakılar da olayların miqyasından xəbərdardı. “Bolşe”yə, “qol-qol”a, birinci hissəni bir, oyunu başqa komandanın udmasına, əmsalı böyük olanın sürpriz qələbəsinə – pul yatırılan bütün bu variantlar artıq adiləşib. İndi qumarbazlar konkret matçın nətisinə pul yatırır, hətta hansı dəqiqələr aralığında daha çox qurulacağına “stavka” edirlər.
 
AFFA rəhbərliyi xəbərdar olar, bilmirlərsə, redaksiyamıza daxil olan informasiyalardan birini də biz verək. Hazırda Moskvada yaşayan, şəmkirli olduğu deyilən qrup bazara ciddi nüfuz edib. Onlar müəyyən əlaltılar vasitəsi ilə oyunların nəticəsini müəyyənləşdirmək üçün konkret məbləğ göndərirlər. Bəzi futbolçular arasında göndərilən 20-30 min manat bölüşdürülür, onlar da sifarişi yerinə yetirirlər. Sifarişçinin nə qazandığı özlərinə bəllidi, amma “stavka” etdikləri nəticənin təmin edilməsi üçün konkret “maaş” müəyyənləşdiriblər. Pul alınır, bölüşdürülür, lazım olan nəticə təmin edilir.
 
Ümid edirik ki, Region Liqası ilə bağlı qərar danışılmış oyunların kökünün kəsilməsi üçün yeni dalğanın startı olacaq. AL finalından sonra divizionla bağlı konkret addımlar gözləyirik. Təbii ki, “Füzuli” – “FC Baku” matçının detallarının açıqlanmasını da…
 
FƏRİD
Shares: