Tezliklə Premyer Liqanın yeni mövsümüylə bağlı qərarlar veriləcək. AFFA Lisenziyalaşdırma Qrupunun yaxın günlərdə açıqlayacağı siyahıda sürpriz olmamalıdı. Əsas gözlənti İcraiyyə Komitəsindəndi.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın indiki iştirakçılarının lisenziya almaqla bağlı problemi yoxdu. Bütün klublar lazımi sənədləri quruma təqdim edib. Diviziondan isə yalnız “Turan Tovuz” lisenziya üçün müraciət etmişdi və onlar da tələblərə cavab verir.
“Keşlə”nin mövsümü sonuncu pillədə başa vurmaq ehtimalı böyükdü. Sona 2 tur qalmış “Sumqayıt”dan 3 xal geri olan bakılılarən təqvimi daha çətindi. Bu səbəbdən turnir cədvəlində ciddi dəyişiklik ehtimal edilmir. Düzdü, xallar bərabər olsa, şəxsi oyunlardakı üstünlüyə görə “Keşlə” son pillədən qurtulacaq, amma bunu reallaşdırmaq asan deyil.
AFFA-dakıların planına görə, “Sumqayıt” sonuncu olarsa, indiki tərkib qorunacaq, heç kim elitanı tərk etməyəcək. Bu zaman komanda sayının artırılıb-artırılmayacağı müzakirə mövzusu olacaq. İcraiyyə Komitəsi də məhz bunun üçün yığışacaq. Qurumun qərarı ilə lisenziya tələbini yerinə yetirməyən hansısa komandanın yarışa buraxılması mümkündü. Belədə “Turan” və daha bir komandaya “yaşıl işıq” yandırılacaq. Təbii ki, maliyyə problemi yoluna qoyulsa…
“Keşlə”nin sonuncu pillədə qalması isə yeni mövsümün də 8 komandayla keçiriləcəyi demək olacaq. Belə olduqda AFFA-nın büdcəsinə ciddi yük olan bakılılar diviziona göndəriləcək, onlara ayrılan büdcənin bir hissəsi “Turan Tovuz”a yönəldiləcək və əyalət klublarının sayı artacaq. Tovuzda akademiya açıldığından AFFA onları “susdurub” bu komandanı “Kəpəz”lə də əvəz edə bilər. Bunu reallaşdırmaq məsuliyyəti isə İK-nın boynuna qoyulacaq.
Azərbaycandı, hər cür variasiya mümkündü. Hətta indiki tərkibin saxlanması da gözlənilir. Nə olsun ki, tovuzlular lisenziya tələblərinə cavab verir, onları “yaddan çıxarmaq” AFFA-nın əlindədi. Bu klubda əsas sənəd – maliyyə zəmanəti məktubu çatışmır. Onu SOCAR təmin etməlidi. AFFA istəməsə, maliyyə təmin edilməyəcək və Tovuz klubu kənarda qalacaq. Bu, daha çox “Keşlə” rəhbərliyinin hadisələrdəki fəallığından asılı olacaq. Klub rəhbəri Zaur Axundov hələ etibarı tam itirməyibsə, ona güzəşt mümkündü.
İstənilən halda, AFFA-nın tezliklə elan edəcəyi siyahıdan bəlli olacaq ki, lisenziya tələblərini 9 klub təmin edib – 8 Premyer Liqa təmsilçisi, üstəgəl, “Turan Tovuz”. Yeni mövsümdə kimlərin oynayacağı isə təkcə reqlamentlə tənzimlənməyəcək. Prosesləri izləyək…