“Bilirik ki, “Liverpul” Premyer Liqada “Mançester Siti” ilə çempionluq mübarizəsi aparır. Rəqibimiz çox möhkəm komandadı. Əla hücumçulara malikdi. Sürətli pressinq edirlər” – bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında “Liverpul”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
 
İspaniyalı mütəxəssis rəqib haqda müsbət fikirlər səsləndirib: "Klopp “Borussiya”dakı uğurunu davam etdirir. Bu mövsüm Premyer Liqada cəmi bir oyunda uduzublar. Bu da onların əsl gücünü göstərir. Çempionluğumuzu təmin etməyimiz rəqibə nisbətən üstünlüyümüzdü. “Liverpul” bizimlə müqayisədə daha yorğun ola bilər. Ancaq Çempionlar Liqasının yarımfinalında yorğunluq əhəmiyyətli deyil”.
 
Baş məşqçi komandanın lideri, kapitan Lionel Messi haqda da danışıb: "Messi özünü yaxşı hiss edir. Bu ay digərləri ilə müqayisədə ona daha çox istirahət verdik".
 
Valverde "Liverpul"un baş məşqçisi Yurgen Kloppun "Nou Kamp" haqda "Bu arena futbol məbədi deyil, adi stadiondur" deməsinə də münasibət bildirib: "Son vaxtlar azarkeşlərimiz “Nou Kamp”da həlledici rol oynayırlar. Elə oyunlarımız olub ki, bizi 90 mindən çox azarkeş dəstəkləyib. Bizə onların dəstəyi lazımdı və rəqibimiz də bunu anlamalıdı. Məncə, Klopp sadəcə, stadion amilini çox şişirtmək lazım olmadığını demək istəyib. Bu, futbol oyunudu”.
 
Xatırladaq ki, iki komanda arasında ilk yarımfinal oyunu bu gün baş tutacaq.
Shares: