“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

– Nəsə demək çox çətindi. Oynayan bir komanda idi, finala çıxan başqa komanda. Futbolçularım hər şeyi yaxşı etdi. Həddindən artıq istəkli idik. Ancaq buraxdığımız 1-ci qol bizi bir az ruhdan saldı. İkinci hissə yaxşı oynadıq. Bəlkə də, vaxt çatmadı 4-cünü vuraq. Bu cür oynasaq, bəzi dəyişikliklər olsa, yaxşı komandamız var. Bu mövsümü uğursuz saya bilərik. Futbolçulara da nəsə deməyə haqqım çatmır. Nə bacarırdılarsa, etdilər. Gələcəyə ümidlə baxırıq.

– Sizin uduzduğunuz komanda, adətən finalda kuboku qazanır. Sizcə, bu mövsüm də "Sumqayıt" finalı qazana bilərmi?
– Bundan sonra "Sumqayıt"ı dəstəkləyirəm. Arzum odu ki, kuboku onlar qazansın.

– Ötən mövsüm legioner azlığından şikayətçi idiz. Ancaq bu mövsüm əlinizdə çoxlu legioneriniz ola-ola bir uğur qazana bilmədiz…
– Mən "Zirə"yə gələndə komanda birinci yerdə deyildi. Komanda yaratmaq üçün vaxt lazımdı. Mən götürdüyüm legionerlər yanvarda bizə qoşuldu. Onlar özlərinə gəlincə vaxt getdi. Komandadan, durumumuzdan razıyam. "Sumqayıt"dan fərqli şəraitdəyəm.

– Razı olardızmı ki, əvvəlki 3 qələbəni verib, bu gün qalib gələrdiz?
– O cür istəklə qapında qol görürsənsə, deməli bu gün qismətimiz deyildi.

– Bilal Həmdi və Pərdisi oyuna sonradan daxil etdiz…
– Bilalın zədəsi var idi. Əsas heyətdə buraxsaydım, risk almış olardım. Meydana yarımcan çıxmışdı. Hesab məcbur etməsəydi, Bilal bəlkə də, meydana daxil olmazdı.

– Səfər qolunun ləğv olunmasının tərəfdarısızmı?
– Kaş, bu oyundan əvvəl ləğv edərdilər.

– Şans verilsə, komandada dəyişikliklər olacaqmı?
– Əlbəttə, gedənlər də, gələnlər də olacaq. Ancaq əvvəlcə rəhbərliklə oturub danışırıq, sonra qərarlar veririk. 

– İsmayıl Fofananı milliyə namizəd görmüşdüz. Ancaq bu gün onu tez əvəz etdiz. Milli bu qədərmi zəifdi?
– Bu, zarafat idi. Jurnalistlərlə zarafat etməyi xoşlayıram. Fofana da pis futbolçu deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp