Mövsüm başlayanda ölkə kubokunun finalında “Qəbələ”ylə “Sumqayıt”ın oynayacağını çox az adam proqnozlaşdırardı. Təbii ki, “Qarabağ”la “Neftçi”dən ən azı birinin həlledici matça vəsiqə qazanacağı, hətta titula yiyələnəcəyi daha inandırıcıydı. Amma kubok yarışı fərqlidi, burada seçilən düzgün strategiya məqsədə çatmağa kömək edir.
“Qəbələ” və “Sumqayıt” bu finala layiq idi. Çünki onlar favoritləri özləri sıradan çıxardılar – “Sumqayıt” hələ qışa kimi “Neftçi”ni dayandırmışdı, indi də “Qəbələ” çempionatın liderini finalsız qoydu.
“Qəbələ” bir az da bəxt sayəsində buna nail oldu. “Qarabağ” dünən rəqibindən qat-qat üstün oynadı, sadəcə, qol fürsətlərini boşa verdiyi üçün cəmi 2 dəfə toru silkələdi. Səfərdə 0:1 hesabıyla uduzan ağdamlılar 1 saat tamam olmamış bunun əvəzini artıqlaması ilə çıxmışdı. Yarımmüdafiə xətti əla görünürdü, müdafiə isə təzyiqdən uzaq qalmışdı. Yalnız standart vəziyyətlər zamanı “Qəbələ” rəqib azarkeşləri həyəcanlandırırdı.
Bir anlıq arxayınlaşma isə “Qarabağ”ın başına bəla oldu. Donald Geryə arxaya ötürmə edərkən səhvə yol verdi və Davit Volkov şansı qaçırmadı. 1:2 hesablı məğlubiyyət qonaqları qane etdiyindən qalan dəqiqələrdə onlar ustalıqla vaxt “öldürdülər”.
“Qarabağ” bu mövsüm də qızıl dubl edə bilməyəcək. Çempionluğu rəsmiləşdirmək üçün günlər sayan ağdamlılar ölkə kubokunu başqasının qaldırmasına imkan verdilər. Ardıcıl 2-ci il finala çıxan “Qəbələ”ninsə rəqibi yenə autsayder olacaq. Ötən il Qəbələdə çempionatın 7-cisinə boyun əyən “qırmızı-qaralar” bu dəfə də sondan 2-ci olanla üz-üzə gələcək.
“Sumqayıt” tarixində ilk dəfə final oynayacaq. Bu matç avrokuboklara sonuncu vəsiqənin sahibini də müəyyən edəcəyindən Naxçıvandakı duel çox maraqlı olacaq. Bəlkə də Ayxan Abbasovun yetirmələri finala yüksəlməklə boyundan hündürə tullanıb, lakin daha yaxşısına şans varkən sonadək mübarizə aparacaqlar.
“Zirə” ilk oyunda səfərdə qolsuz heç-heçəyə razılaşarkən üstünlük qazanıbmış kimi görünürdü. Lakin evdə buraxılan hər qolun əvəzini artıqlaması ilə çıxmaq lazım olduğundan ehtiyatlı oynamaq gərək idi. Qismətdən qonaqlar hələ 19-cu dəqiqədə arzusuna çatdı, fasiləyə yollanarən isə Peyman Babayi het-trik müəllifi idi.
Samir Abasov oyunu düz qurmamış, düzgün heyət seçməmişdi. Hələ fasilə ərəfəsində bunu başa düşdü, 2 dəyişikliyi birdən etdi. İkinci hissə başlayan kimi “Zirə” dəyişilmiş oyun tərzinin faydasını gördü. Amma baş məşqçinin çoxdan siyahıdan sildiyi, indisə məcburiyyətdən oynatdığı Pərdis Fərcad-Azadı 47-ci dəqiqədə vurduğu qolun davamı çox gec gəldi. Ayxan Abbasov bütün komandanı müdafiəyə çəkəndən sonra “qartallar” riskə getdi, meydanda 3 müdafiəçi saxladı. Ardıcıl hücumlar 84-cü dəqiqədə növbəti qolla nəticələndi, son saniyələrdə isə hesab bərabərləşdi. Bəlkə də daha bir neçə dəqiqə “Zirə”nin qələbə qoluna səbəb olacaqdı, lakin zaman yetmədi və qəsəbə təmsilçisinin avrokubok həsrəti uzandı.
Bu matçı Abbasovla Abasovun dueli kimi də dəyərləndirmək olar. Samir bəy yerli futbolçularla işləməkdən bezib “Sumqayıt”dan qaçmışdı və legionerlərdən qurulan güclü heyət istəyirdi. Ayxan bəy isə əks marşrutla yollanmışdı və daha zəif komandanın başındadı. Lakin yenə də qələbə qazanan Abbasov oldu. Deməli, güclü heyət hələ qələbə demək deyil. Daha çox işləyən, daha çox əzyyət çəkən sevinir.
Abbasovun qışda heyətə gətirdiyi oyunçular özünü doğruldub. Amma eyni sözləri rəqib haqda da demək olar. Xüsusilə Əmir Ağayev və Peyman Babayi Ayxan bəyin üzünü ağ edən oyunçulardı. Elitada qalmaq problem böyük ölçüdə həllini tapmaq üzrədi. Finala vəsiqəni isə bonus saymaq olar.
Bu yerdə “Sumqayıt” rəhbərliyi də alqışlanmalıdı. Onların ən böyük uğuru ən çətin vaxtlarda Abbasova arxa çevirməmələri, inanmaları oldu və bu gün həmin addımın xeyrini görürlər. “Sumqayıt” tarixinin ən böyük uğuruna yaxındı. Abasov isə özünü sübut etmək üçün gələn mövsümü gözləyəcək.
Gənc məşqçilərin finaldakı dueli maraqlı olacaq. Sənan Qurbanov və Ayxan Abbasovun hər ikisi tarixə düşməyin astanasındadı. Onlar həm özlərinin, həm də klublarının ilk titulunu qazanmaq üçün Naxçıvanda tər tökəcək.
AĞA