"Qarabağ"a qarşı bu meydanda oynamaq çox çətindir. Sevindirici haldır ki, yetərincə qol vəziyyətimiz oldu. Rəqib birinci hissədə baxımlı qola imza atdı. Biz isə fasilə ərəfəsində iki dəfə yüzfaizlik qol şansını əldən verdik. Fasilədən sonra da gərgin mübarizə oldu, rəqib daha bir qol vurdu. Buna baxmayaraq, sona yaxın ələ düşən fürsətdən yararlandıq və finala vəsiqə qazandıq. Rəqib hətta 2:0 hesabı ilə öndə olarkən də bilirdik ki, 1 qol bizi finala daşıyacaq. Əsl xarakter nümayiş etdirdik və lazım olan topu vurmağı bacardıq" – bu sözləri "Qəbələ"nin futbolçusu Voislav Stankoviç deyib.
32 yaşlı futbolçu rəqibin yarımmüdafiəçisi Miçelin qarşılaşmadan sonra qırmızı vərəqə almasına da münasibət bildirib: "Onlar qol vurduqları zaman necə sevinirdilərsə, mən də hakimin final fitindən sonra sevincimi göstərdim. Ancaq Miçel yaxınlaşaraq məni əllə qəsdən vurdu. Halbuki ona heç nə deməmişdim. Sadəcə, sevincimizi azarkeşlərimizlə bölüşməyə çalışırdım. Ona görə də arada gərginlik yaşandı. Final oyununa maksimum dərəcədə hazırlaşmaq lazımdır".
Serbiyalı müdafiəçi ardıcıl 3-cü dəfə finala çıxdıqlarını və əvvəlki iki görüşdə uduzduqlarını da xatırladıb. Ancaq o, bu dəfə tilsimi qıracaqlarını düşünür: "Qəbələ"nin heyətində iki dəfə Azərbaycan kubokunun finalında oynamışam və hər ikisində məğlub olmuşam. Fikrimcə, üçüncü cəhddə, nəhayət, kuboku qazanacam. Finalda kimin rəqib olmasının isə önəmi yoxdur. Çünki həlledici qarşılaşmada zəif komanda olmur. İstənilən final görüşü çətin alınır və bu dəfə də hər şey ola bilər".