Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi Ernandes karyerası ilə bağlı qərar verib.

Futbolinfo.az xəbər verir ki, 39 yaşlı futbolçu Qətərin “The Peninsula” nəşrinə açıqlamasında mövsümün sonunda futbolçu karyerasını başa vuracağını açıqlayıb. O, məşqçiliyə başlamaq arzusunda olduğunu da gizlətməyib:

“Bu, oyuncu olaraq sonuncu mövsümümdü. Amma məşqçi kimi gələcəyin nələr gətirəcəyini görmək üçün səbrsizlənirəm”.

Qeyd edək ki, 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”nın uğurları üçün çalışmış Xavi, hazırda Qətərin "Əl Sədd" klubunda çıxış edir. O, Kataloniya təmsilçisi ilə 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Xavi İspaniyada bütövlükdə 25 kubok qazanıb ki, bunlardan 8-i La Liqa çempionluğudu. “Barselona”da çıxdığı 767 matçda 85 qol vuran yarımmüdafiəçi, 2000-2014-cü illərdə İspaniya millisində də 133 oyun keçirib. O, milli komandanın heyətində də bir dəfə dünya, iki dəfə Avropa çempionu olub. 2015-ci ildən oynadığı “Əl Sədd” ilə bu il ölkə çempionu olan Xavi, bu komanda ilə da dörd kubok qazanıb.

Shares: