Mövsüm bitən kimi “Neftçi”nin 3 futbolçu ilə vidalaşacağı dəqiqdi. Müqavilələri başa çatan bu oyunçuları bakılılar düşərgəsində saxlamaq istəmir.
Futbolinfo.az xəbər verir ki, Qoran Paratski və Petru Raku ümumiyyətlə, ölkəmizi tərk edəcək. Ümidi doğrultmayan bu legionerlərin saxlanılması sensasiya olardı. Məhəmməd Mirzəbəyov isə heyətə düşə bilmədiyi üçün özü getməkdə israrlıdı. “Neftçi”nin də xidmətində maraqlı olmadığı milliləşdirilmiş müdafiəçi “Sabah”la ilkin razılıq əldə edib.
“Neftçi” lider futbolçularından birini də itirə bilər. Səlahət Ağayev yeni təklifləri götür-qoy edir və vidalaşması çox realdı. Qapıçının ölkə daxilində 2 real təklifi var. Gələn mövsüm medallar uğrunda yarışacaq “Sabah” və yerli qolkiper axtaran “Qarabağ” onu heyətində görmək arzusundadı. Səlahətin daha bir təklifi Qazaxıstandandı. Bu səbəbdən Ağayev variantları götür-qoy edir.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin də Səlahəti itirmək istəmir. Həm yerli statusunda olması, həm də etibarlı, sabit oynaması italiyalı mütəxəssis üçün onu vazkeçilməz edib. Lakin komandanın ən ödənişli futbolçularından biri olan Səlahət daha yaxşı təklif aldığından bitməkdə olan müqaviləsinin müddətini uzatmağı düşünmür. Müştərilərindən birinin Ağayevə illik 220-250 min dollar maaş təklif etdiyi deyilir. Bu isə hazırda 25 min manat aylıq əməkhaqqı alan qolkiperin getmək istəməsinin əsas səbəbidi.
Hazırda danışıqlar gedir və “Neftçi” də potensial müştərilərin təklifindən xəbərdardı. Səlahətin taleyinə mövsüm bitən kimi aydınlıq gələcək.