“Sumqayıt” Azərbaycan Kuboku tarixinə finala yüksələn 17-ci komanda kimi düşüb. Bunadək keçirilən 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord “Neftçi”yə məxsusdu – 10 dəfə. “Qarabağ” 9, “Xəzər Lənkəran” və “Keşlə” hərəyə 5 dəfə finalda meydana çıxıb.
“Qarabağ”ı iki oyunun nəticəsinə görə (1:0, 1:2) məğlub edərək yarımfinal səddini adlayan “Qəbələ” isə 4-cü dəfə bu uğura imza atıb. “Qırmızı-qaralar” “Kəpəz”ə çatıb. “Bakı” 3, “Kür-Nur”la “Şəmkir” hərəyə 2 dəfə finalda oynayıbsa, digər komandalar bir dəfə həlledici qarşılaşmada iştirak hüququ qazanıb. Bunlar “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Şəfa”, “Xəzər” (Lənkəran), “Karvan”, “Xəzri” və “MKT-Araz”dı.
İlk dəfə finala yüksələn “Sumqayıt” kimi 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan “Qəbələ” də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdi ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən bu klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. “Neftçi” və “Qarabağ” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı, “Şəfa” və “Keşlə” hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.