Avropa Liqasının finalına gözləniləndən az bilet satılması, tribunaların yarıboş olması ciddi narazılığa səbəb olub. Bu mənzərə ölkə rəhbərliyinin, eləcə də UEFA-nın xoşuna gəlməyib.
 
Yüksək təşkilatçılığı inkar etmək olmaz. Lakin bu, daha çox dövlətin qayğısı sayəsində reallaşdı. Hər cür təhlükəsizlik təmin olundu, qonaqların narazı qalması üçün əsas olmadı. 7 milyon dollar vəsait ayrılmışdı, qalırdı işin təşkili, bunun da öhdəsindən gəlindi.
 
Tribunaların boş qalması artıq başqalarının günahıdı və bu işin araşdırılması başlayıb. Biletlərin necə satılması, necə paylanması araşdırma mövzusudu. Hətta bir qismi havayı paylanıbsa da, 12 min biletlinin oyuna gəlməməsi ciddi sualdı.
 
Əslində, bu mənzərə gözlənilən idi. Stadiona əsasən ölkənin imkansız təbəqəsi gedir. Final qiymətləri isə həddindən artıq yüksək idi. Amma problem ondadı ki, elan olunan rəqəmlərlə reallıq tam fərqlidi. Matç günü satılmamış cəmi 100 biletin qaldığını deyənlər 12 minlik boş tribunanın hesabatını verməlidi.
 
Elxan Məmmədovun təlaşı və tələsik açıqlama verməsi təsadüf ola bilməz. AFFA-nın baş katibi Britaniya mətbuatına açıqlanmasında günahı almanların boynuna atmağa çalışıb. Məmmədov 10 mindən çox yerin boş qalmasının əsasən "Ayntraxt" azarkeşlərindən qaynaqlandığını düşünür. Çünki almanlar hələ yarımfinal mərhələsində olarkən komandalarının finalda iştirakına o qədər əmin idilər ki, həlledici oyun üçün bilet almışdılar: "Boş oturacaqların əksəriyyəti əvvəldən finala bilet alan, ancaq bura gəlməyən frankfurtlu azarkeşlərdən qaynaqlanır. Biz həmin biletlərin satılmamasından məyus deyilik.Hesab edirəm ki, onlar biletləri satmayıb, özlərində saxlamağa qərar verdilər".
 
Bu, ağ yalandı. Hətta final iştirakçılarının hər birinə 5800 bilet ayrılmışdısa, almanlar 12 minlik boşluğun səbəbkarı ola bilməz. Həlledici oyuna gələnlər ikisi birlikdə 5600 bilet satırsa, almanlar vəsiqə təmin edilmədən 10 min bileti niyə alsın ki? Heç onların buna say baxımından da hüququ yox idi.
 
Frankfurtlular açıqlamasında minə yaxın bilet aldığını bildirmişdi və onları da vaxtında geri qaytarıblar. 300 belə bilet elə AFFA-nın idman direktoru Bernard Lippert tərəfindən xəstə uşaqlara təqdim olundu, onların da stadiona gəldiyi videoroliklə təqdim olundu. 100-ə yaxın bilet isə Bakıdakı bir qurum vasitəsi ilə müəyyən şəxslərə paylandı. 300-400 bilet almanların güdazına gedə bilər, onlar da satılmış sayılır.
 
Elxan bəy özü də final öncəsi açıqlamasında ingilisləri Bakıda görmək istədiyini bildirmişdi və onların gələcəyinə inandığını demişdi. Almanlardan böyük gözlənti olmadığı halda indi 12 minlik çatımazlığı onların adı ilə bağlamaq absurddu.
 
"Arsenal"la "Çelsi"nin təkcə Londondakı deyil, Bakıya səyahət edən digər ölkələrdəki azarkeşlərinin və xarici turistlərin sayını müsbət qiymətləndirirəm" – bunu da Məmmədov deyib. Deməli, problem əcnəbilərlə bağlı deyil, ölkədə iş düzgün qurulmayıb. Baş katibin açıqlaması fərqli düşünməyə imkan vermir.
 
Matça 30 min xarici və 22 min yerli azarkeş bilet alıb. Bu rəqəmlər də əsas çatışmazlığın ölkəmizlə bağlı olduğunu göstərir. Həm camaatın dolanışıq səviyyəsi qaneedici deyil, onların bahalı bilet almaq şansı yoxdu, həm də ölkə futbolu elə vəziyyətə salınıb ki, insanlar top oyunundan küsüb, maraq qalmayıb.
 
UEFA prezidenti Aleksandr Çeferinin son açıqlaması da azarkeşin az olmasından narahatlığın göstəricisidi: “İnsanlar matçdan sonra stadionun tam dolmadığını deyirdilər. Bəli, final matçında stadion tam dolmamışdı. Oyuna ümumlikdə 51 min 370 nəfər gəlmişdi”.
 
Bu, ciddi siqnaldı. Beynəlxalq təşkilatlar belə matçlarda ajiotaj yaşanmasında maraqlıdılar. Yarıboş tribunalar təşkilatçıların imicinə zərbədi. Elə buna görə də matçın translyasiyası zamanı tribunalar demək olar, göstərilmirdi, azarkeşlər efirə gətirilmirdi. Bu isə biabırçılığı gizlətmək məqsədi daşıyırdı. Ümumi görüntü ekrana gətirilmirsə, deməli, hər şey təşkilatçıların ürəyincə deyil.
 
Matç günü AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla rəsmi açıqlama vermiş, satışda cəmi 100 biletin qaldığını bildirmişdi. UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən Bakı Olimpiya Stadionunun tutumu 63 minə enmişdi. Açıqlama reallıq idisə, oyuna 62 mindən çox azarkeş gəlməli və 62 minlik tamaşaçı rekordu qırılmalı idi. Lakin Çeferin bildirir ki, matçı 51 min 370 nəfər izləyib!!!
 
O zaman 12 minə yaxın biletli harada idi? Bu, faktiki bilet alan hər 5 nəfərdən birinin pulunu çölə atması, oyuna gəlməməsi deməkdi. Satışda cəmi 100 bilet qalıbsa, qalanları satılıbsa, o zaman azarkeşlərin 20 faizi niyə Bakı finalından üz döndərdi?
 
Əcnəbiləri qınamaq yersizdi. Hamı əvvəlcə səfər xərclərini hesablayır, sonra bilet alır. Necə ki, “Arsenal” və “Çelsi”nin ikisinin birlikdə 5600 bilet satdığı, 6000-dən imtina etdiyi əvvəldən bəlli idi. Və stadiondakı boşluq həmin biletlərdən qaynaqlansaydı, Məmmədov bunu aşkar dilə gətirərdi, almanları günahlandırmazdı. Halbuki “Ayntraxt” fanatları ilə bağlı deyilənlər cəfəngiyyatdı.
 
Bəs, 12 min bilet hara getdi? Müəyyən ehtimallarımız var və hesab edirik ki, olayın yüksək səviyyədə araşdırılması da əbəs deyil.
 
Final matçının ertəsi futbolinfo.az olaraq “skybox” ların qara bazarda satıldığını yazmış və fotofakt təqdim etmişdik. AFFA və stadion rəhbərliyinə aid olan şirkətlər, onların qohumları xeyli “skybox”u əvvəlcədən ucuz qiymətə almışdı və matç ərəfəsində onları 5-6 qat bahasına təklif edir, ərəb turistlərə satırdı.
 
Bəlkə adi biletlər də kimlərinsə əlinə keçib? Çünki oyun günü stadion ətrafında qara bazar tüğyan edirdi. Bəzi yerlərdə hətta dəyərindən ucuza bilet tapmaq olardı. Təbii ki, heç kim baha qiymətə aldığını dəyər-dəyməzinə satmaq istəməz. Görünür, müəyyən şəxslər havayı bilet tapıb və qazanmaq istəyirmiş.
 
Bildiyimizə görə, bir sıra idarə və müəssisələrə AFFA tərəfindən bilet paylanılıb ki, stadionun dolması və azarkeş rekordunun qırılması təmin edilsin. Biletlərin pulu da büdcədən ödənilib, lakin onlar müəyyən qrupların əlinə keçib. Onlar isə biletləri qara bazara çıxarıb, amma satışını tələbatın zəif olması üzündən təmin edə bilməyiblər. Yekunda isə ortaya biabırçı mənzərə çıxıb.
 
Belə olduğunu Firuz bəyin açıqlaması da göstərir. Qurum rəsmisi satışda cəmi 100 biletin qaldığını deyirsə, deməli, əlində fakt var. Bəs, o zaman 12 minə yaxın boş yerin səbəbi nə idi?
 
Bu məsələ ciddi şəkildə araşdırılmalı, səbəblər tapılmalıdı. Qarşıdan Avro-2020-nin final mərhələsi gəlir. Bu yarışın 4 oyunu ölkəmizdə keçiriləcək. Məmmədov Avroliqa finalını bu yarışöncəsi “yaxşı test” sayır. Zənnimizcə, sevinmək üçün tezdi. Azarkeş amili, dolu tribunalar UEFA üçün çox önəmlidi. Beynəlxalq futbol qurumlarının bizdən üz döndərməməsi, qarşıda yeni mötəbər yarışları bizə etibar etmələri üçün daha diqqətli olmalıyıq. Cibinizi yox, ölkənin imicini, ümumi maraqları düşünün…
 
CAVAD
Shares: